Yusifi-Zəhra (ə.f) üçün Binyamin olmaq

26 Mart 2020 20:50

Həzrət İmam Zaman ağanın (ə.f) mübarək ləqəblərindən biri Yusifi-Zəhradır. Bunun səbəbi də odur ki, İmam Zaman ağa (ə.f) ilə Həzrət Yusif (ə) arasında oxşarlıqlar vardır.

İmam Sadiq (ə) buyurur: "Həzrət Məhdi (ə.f), Həzrət Yusif (ə) kimidir. O zaman ki, qardaşları onu gördü, Həzrət Yusif (ə) onları tanıdı. Ancaq onlar qardaşlarını tanımadılar.

İmam Zaman (ə.f) da sizin bazarlarda gəzir, ticarət edir, sizinlə söhbət edir, xalçanızın üzərində yeriyir, sizi tanıyır - ancaq siz onu tanımırsınız".

O zaman ki, Yusifin (ə) qardaşları Misirə daxil oldular, Yusif onları qəbul etdi və qayıdan zaman onlara dedi: "Əgər yenə gəlsəniz, Binyamini özünüzlə gətirin ki, sizə buğda verim. Əks halda buğda verməyəcəyəm".

Binyamin gələn zaman Yusif əmr edir ki, buğda qabını Binyaminin torbasına qoysunlar. Sonra onu oğurluqda ittiham edir və onu öz yanında saxlayır. Binyamin qardaşını tanıyır və onlar qucaqlaşırlar.

İmam Sadiqin (ə) buyurduqlarından belə nəticəyə gəlmək olur ki:

1. Əziz İmam (ə.f) bizi tanıyır, ancaq biz o Həzrəti (ə.f) tanımırıq. O, bizimlə söhbət edir, bizimlə ticarət edir, ancaq biz onu tanımırıq. Hədislərin birində oxuyuruq: "O zaman ki, Həzrət (ə.f) zühur edəcəkdir, bütün insanlar onu tanıyacaqdır, çünki əvvəlcə onu görüblər".

2. Həzrət Yusif (ə) qardaşlarının səhvinə baxmayaraq onları qəbul edir. İmam (ə.f) da o cür edəcəkdir. İnsan necə olursa-olsun, İmamın (ə.f) dövətinə daxil ola biləcəkdir.

3. Həzrət Yusif (ə) deyir ki, mənim sevimli qardaşım Binyamini gətirin. Bəs İmamın (ə.f)  məhbubu kimdir? Əlbəttə ki, bizim saleh əməllərimiz, təqva və imanımız...

4. Həzrət Yusif (ə) hədələyir ki, əgər Binyamini gətirməsəniz, sizə buğda verməyəcəyəm. Biz də əgər İmamın (ə.f) sevdiyi təqvalılığın ardınca olmasaq, İmamın (ə.f) lütfündən məhrum olarıq.

5. Biz gərək Binyamin olaq, nəinki Yusifin qalan qardaşları. Bizim hədəfimiz - Binyamin olmaq olmalıdır. Bu zaman İmam (ə.f) bizə nəzər salar və əziz tutar.

Gərək İmamın (ə.f) intizarını çəkənlərdən olaq.

Milli.Az