Qusarda Dövlət Sərhəd Xidmətinin 2 zastavası istifadəyə verilib

3 Dekabr 2011 13:14
Milli.Az xəbər portalının Regional TV kanalına istinadən verdiyi məlumata görə, Xudat sərhəd dəstəsinin Qusar rayonunda yerləşən Ləzə sərhəd zastavasının inşasına bu ilin əvvəlində başlanılıb.

Dəniz səviyyəsindən 3000 m yüksəklikdə yerləşən zastava Azərbaycanın ucqar nöqtələrindəki sərhədlərinin daha mükəmməl şəkildə qorunması üçün tikilib. Yeni məntəqənin açılışında DSX-nin rəisi Elçin Quliyev də iştirak edib. O, Ləzə sərhəd zastavasında şəxsi heyət və sərhədçilər üçün yaradılan şəraitlə tanış olub. Yeni zastava rabitə, istirahət və xidmət otaqları, həmçinin yeməkxana və yataqxana ilə təhciz edilib.

Bundan başqa, sərhəd məntəqəsinin zabit heyəti üçün 2 və 3 otaqdan ibarət 16 mənzil inşa olunub. Ləzə sərhəd zastavası Azərbaycanda ilk peşəkar sərhəd məntəqəsidir. DSX-nin rəisi Elçin Quliyevin sözlərinə görə, gələcəkdə tikiləcək sərhəd zastavalarının hamısı bu tipdə inşa olunacaq. Sərhədçilərin dağlıq ərazidə xidmət aparmaları üçün sərhəd məntəqəsinə müfaviq texnika verilib.

DSX-nin rəisi Elçin Quliyev qarda hərəkət edən xüsusi texnikaya baxış keçirib.

Kirik dövlət zastavasının inşasına da cari il başlanılıb. Sərhəd məntəqəsinin açılışında iştirak edən DSX-nin rəisi Elçin Quliyev zastavanın şəxsi heyətilə görüşüb. Məntəqənin açılışını bildirən lenti kəsib. Daha sonra DSX-nin rəisi zastavada sərhədçilər üçün yaradılan şəraitlə tanış olub. Müxtəlif təyinatlı otaqlara baxış keçirib. Zabitlər üçün tikilən 2- və 3-otaqlı 5 mənzillə tanış olub.

Kirik sərhəd zastavasında xidmətin yüksək səviyyədə aparılması üçün sərhədçilərə təlim görmüş itlər yardım edəcək. Elçin Quliyev sərhəd məntəqəsinə gətirilən xüsusi təlim görən itlərə baxış keçirib.

Bundan sonra Kirik Dövlət zastavasında xidmətə görə fərqlənən şəxslər təltif olunub. Sonda DSX-nin rəisi Elçin Quliyev Kirik sərhəd zastavasının şəxsi heyəti ilə birlikdə nahar edib.

Milli.Az