Azərbaycanlı müğənni: "Onlar açıq-saçıq şəkillər çəkdirirlər, gündəmə bomba kimi düşürlər"
5 Dekabr 2011 08:45
Milli.Az xəbər portalının məlumatına görə, bunu populyar müğənni Ayaz Qasımov deyib: "Maşın, ev, bahalı geyimlər, telefon, brendlər bunlar hamısı mənim üçün ən sonda gəlir".
Ayaz, gündəmə aldıqları bahalı əşyalarla gələn həmkarlarına hörmətlə yanaşdığını, lakin özünün bu addımı heç vaxt atmayacağını bildirərək, sənətə yeni gələn yaşıdlarına səslənib: "Bu sənətə pula görə gəlməyin. Müğənniliyə biznes kimi baxsan, yanacaqsan, sənət kimi baxsan, daha çox şeyə nail olacaqsan. Ancaq pul haqda düşünən insan öz şəxsiyyətini itirə bilər. Siz ancaq işinizlə məşğul olun, onlar özü gələcək. Realiti-şoulara baxın, görün özlərini necə biabır edirlər.
Mən özüm də nə vaxtsa bu şoularda iştirak etmişəm və yarımçıq imtina etmişəm. Nə olursa olsun, insan simasını itirməməlidir. Ancaq özünə hörmət edən insan inkişaf edə bilər. İstedadınızı göstərməkdən çəkinməyin, şou ailəmində baş verənlər sizi qorxutmasın. Qalmaqaldan öncə nələri etmək mümkündürsə, edin, alınmasa, ondan sonra qalmaqala əl atın".
"Demirəm ki, sənətə bu gün gəlmiş olsaydım, qalmaqal etməzdim. Amma çalışardım bu qalmaqallar da heç olmasa, səviyyəsiz söhbətlər ətrafında olmasın. Məsələn, sırf gündəmə gələ bilmək üçün kiməsə "bu mahnını mən daha yaxşı oxuyardım" deyərdim" - müğənni bildirib.
Ayaz hesab edir ki, bu gün qadınlar üçün sənətə gəlmək daha asandır: "Onlara nə var ki? Açıq-saçıq şəkillər çəkdirirlər, gündəmə bomba kimi düşürlər. Kişilər üçün isə çətindir. Biz axı belə şəkillər çəkdirməyi bacarmırıq. Buna baxmayaraq, qadın olsaydım, bu sənəti seçməzdim. Qoy heç kim də məndən inciməsin".
Nuray
Milli.Az