“Azərpoçt” beynəlxalq poçt göndərişlərinin qəbulunu dayandırdı

16 Mart 2020 17:11

"Azərpoçt" MMC beynəlxalq poçt göndərişlərinin qəbulunu müvəqqəti olaraq dayandırır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb və mövcud reyslər təxirə salınıb:

"Bununla bağlı beynəlxalq poçt göndərişlərinin ünvanı üzrə çatdırılması mümkün deyil. Bunlar nəzərə alınaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin tabeliyində olan poçt şöbələrində və "Şəbəkə" xidmət mərkəzlərində beynəlxalq poçt göndərişlərinin qəbulu 16 mart tarixindən müvəqqəti olaraq dayandırılır".

Qeyd edək ki, beynəlxalq poçt göndərişlərinin "Azərpoçt" MMC tərəfindən qəbulu və göndərilməsi yalnız avianəqliyyat vasitəsilə həyata keçirilir.

Milli.Az