Xurma haqqında bilmədiklərimiz

21 Mart 2020 15:15

Xurma cinsinin nümayəndələri həmişəyaşıl və ya yarpağını tökən, əksərən tropik mənşəli ağac və ya kol bitkisidir. Bu cinsə 200-dən artıq növ daxıldir. Ən əhəmiyyətli növləri şərq xurması və Qafqaz xurmasıdır. Şərq xurması və ya yapon xurması - Diospyros kaki L- 15 metrə qədər hündürlükdə, yarpağını tökən ağac bitkisidir. Ətli, yastı, kürəşəkilli formalı meyvələr açıq - narıncı rəngdən, tünd qırmızı rəngə qədər dəyişir. Xurmanın tərkibində C vitamini, karotin,  25%-ə qədər qlükoza və fruktoza şəkərləri, 0,0497% yod, üzvi turşular, aşı maddələri, mineral maddələr, 15 dəmir və s. aşkar edilmişdir. Şərq xurmasının yetişmiş meyvələri çox ləzzətli, şirin dada malikdir. Onlardan və qurudulmuş meyvələrindən qanazlığında, bəlğəmtəmizləyici kimi, C və A vitaminlərinin çatışmamazlığında, öskürəkdə, ishalda, yüksək arterial təzyiq və ateroskleroz zamanı istifadə olunur.
Qafqaz xurması (adi xurma) Dios pyros lotus L.-meyvəsi xırda, dəyişkən formalı, göyümtül-qara rəngli, çoxtoxumlu meyvələrdən ibarətdir, tam yetişənə qədər güclü büzüşdürücü təsirə malikdir. Yapon xurmasında olduğu kimi Qafqaz xurmasının da, yetişmiş meyvələri təzə şəkildə və ya qurudulduqdan sonra istifadə olunur.

Milli.Az