Samir Şərifov: "Neft qiymətlərinin enməsi cari ilin büdcəsinə o qədər də təsir göstərmir" - VİDEO

13 Mart 2020 10:47

Azərbaycan dövlət büdcəsinin strukturu elədir ki, neft qiymətlərinin enməsi bilavasitə cari ilin büdcəsinə o qədər də təsir göstərmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Maliyyə naziri Samir Şərifov AzTv-nin "Hədəf" verilişində dünya bazarında neft qiymətlərinin düşməsinin Azərbaycana təsirləri haqqında danışarkən deyib.

Nazirin sözlərinə görə, bu onunla bağlıdır ki, dövlət büdcəsində neft sahəsindən gəlirlər əsasən iki istiqamət üzrə formalaşır:

"Bunların biri hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlər tərəfindən ödənilən vergilərdir. Digəri isə Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilərdir.

Dövlət Neft Şirkətinin əldə etdiyi gəlirlər və müvafiq olaraq ödədiyi vergilər əsasən daxili bazarda şirkət tərəfindən satılan məhsullar hesabına formalaşır. Daxili bazarda da qiymətlər sabitdir və tam əminik ki, Dövlət Neft Şirkəti proqnozlaşdırılan gəlirləri əldə edəcək və müvafiq olaraq üzərinə düşən vergi öhdəliklərini yerinə yetirəcək.

Dövlət Neft Şirkəti üzrə yeganə məsələ odur ki, xaricdə xam neftin və bəzi neft məhsullarının satışı üzrə gəlirlərin bir qədər azalması gözlənilir".

S.Şərifov qeyd edib ki, gəlirlər daha çox hasilatın pay bölgüsü çərçivəsində fəaliyyət göstərən şirkətlərdə azalacaq:

"Biz bunu daha çox görürük, lakin qeyd etmək istərdim ki, burada da müəyyən bir struktur var, yəni vergi öhdəliklərinin yerinə yetirilməsi strukturu. Bu da ondan ibarətdir ki, ötən ilin son rübünün öhdəlikləri cari ilin birinci rübündə ödənilir və artıq bu ödənişlər edilib. Bu ödənişlər də illik proqnozun 40 faizini təşkil edir. Beləliklə bizim hesablamalarla hətta bu gün bazarda olan 30-35 ABŞ dolları arası qiymətləri götürsək, həmin neftin gəlirlərimizə, yəni həm Dövlət Neft Şirkəti, həm hasilatın pay bölgüsü üzrə sazişlərdən, biz bunların təsirini təxminən 270-340 milyon manat görürük. Bu çoxdurmu, ya yox? Dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri 24 mlrd. 134 mln. manat səviyyəsindədir. Yəni söhbət təxminən 1,1-1,4% büdcə gəlirlərindən gedir. Bu isə o qədər də əhəmiyyətli məbləğ deyil".

Nazir əlavə edib ki, digər tərəfdən cari ilin ilk iki ayında bizim fiskal orqanlarımız, yəni Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən proqnozlar artıqlaması ilə icra olunub:

"Yəni Dövlət Vergi Xidməti tərəfindən 180 mln. manat, Dövlət Gömrük Komitəsi tərəfindən isə 74 mln. manat artıq vergilər təmin edilib. İkisi bir yerdə 254 mln. manat edir. Yəni burada da artıq ödənişlər hesabına bizdə müəyyən "yastıq" yaranıb. Lakin biz bu məsələləri proqnozlaşdırmışıq, baxmışıq və hesab edirik ki, buradan o qədər də böyük təsir görmürük".

S.Şərifov Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərdə də problem olmayacağını qeyd edib:

"Büdcə gəlirlərimizi formalaşdıran digər mənbə şübhəsiz ki, Dövlət Neft Fondudur. Dövlət Neft Fondunun transfertlərinin xüsusi çəkisi 47%-dir və bu il 11 mlrd. 350 mln manat məbləğində transfert nəzərdə tutulub. Hesab edirik ki, bu transfert də tam həcmdə icra olunacaq. Bunun üçün hər hansı problem görmürük".

Milli.Az