İlyas Tapdıq: "Azərbaycan oğlusan axı, elə gərək atılıb-düşəsən, qışqırasan?"

26 Aprel 2010 10:12
"Yekəqarın kişilər atılıb-düşür, nə abır bilirlər, nə həya"


- İlyas müəllim, adət-ənənələrimizə bağlı elə yazılmayan qanunlarımız var ki, milli-əxlaqi dəyərlərimizin güzgüsü və ən böyük mühafizəçisi rolunda çıxış edə bilir. Bu, ən gözəl el adəti olan toy mərasimlərində çox gözəl vurğulanır. Görəsən belə mərasimlərimiz özünün əsl mənasını doğrulda bilirmi?

- Ailə qurmaqla bağlı hazırlanan mərasim mədəni bir hadisədir. Toy mərasimi elə-belə meydana gəlmir. İki ailənin yaxınlaşması, yeni bir ailənin qurulması kiçik bir cəmiyyətin yaranması deməkdir. Bu, əlbəttə ki, yüksək əxlaq, adət-ənənə çərçivəsində olmalıdır. Bu olanda deyirsən bəli, gələcəyi olan bir ailə quruldu. Amma bəzən görürsən ki, yekəqarın kişilər ortalığa girib atılıb-düşürlər, nə abır bilirlər, nə həya. Bir yandan da dəmir səslərlə musiqini elə günə salırlar ki, fikirləşirsən, aman Allah, bu nədir? Toyda olan adamların çoxu toyun keçirilmə prosesindən narazı gedir. Əvvəla həddən artıq israfçılıq görünür.  O şey mənə ləzzət eliyir ki, süfrəyə gələn şeylər yeyilsin, qonaqlar şənlənsinlər. Bəzən toylarımızda səslənən musiqi  insana zövq yox, əzab verir.  Amma bəzi toylarda çeynənmiş mahnılarla, hay-küylə toyu elə keçirirlər ki, orada olanların hamısının beyni kütləşir. Üstəlik tamadalar o qədər boğazdan yuxarı sözlər söyləyirlər ki, deyirsən İlahi, dünya niyə bu günə düşür, niyə bu insanlar bu qədər boğazdan yuxarı danışırlar.
Vaxtilə toyu dünyagörmüş ağsaqqala həvalə edərdilər. O, ayağa qalxardı, o ailə, bu ailə haqqında xoş sözlər danışardı, gəncləri cəmiyyətə, yeni həyata bağlayan müdrik fikirlər söylənilərdi. Ondan sonra qəşəng musiqi çalınardı, aşıq olsa çalıb-oynayardı, balaban çalınardı. Yəni indiki kimi diskləri musiqi ilə yükləyib səsləndirmirdilər. İndi müğənni heç oxumur. Disk yaranandan müğənninin səsinin nə olduğunu bilmirsən. Elektron aparatları idarə edənlər var. Səsin üstünə səs qoyurlar, sözün üstünə söz qoyurlar. Bir mahnını müğənniyə dörd dəfə oxutdurub, o səsləri də birləşdirirlər, o da gəlib toyda oxuyur, olur ölkə müğənnisi. Və dərhal da görürsən ki, ad da verirlər. Bu ən dəhşətli haldır. Zeynəb Xanlarova çox yaxşı deyib ki, əgər adlar sərmayə ilə alınırsa, o ad deyil. Adı gərək məhəbbət, hörmət versin. Xalq artisti, əməkdar artisti - bu adları xalqın ürəyini fəth eləmiş adamlara, məsələn, Rəşid Behbuda, Bülbülə verirdilər. Yəni bu adlar veriləndə gərək əvvəlkilər nəzərə alınsın ki, onların hörmətini aşağı sala bilərik. Səməd Vurğuna o vaxt xalq şairi adı veriləndə bu adın əzəmətini, böyüklüyünü görürdük. İndi adlar o qədər çoxalıb ki, heç bilmirsən kim kimdir, nə, nədir. Yetənə deyirlər xalq şairi, xalq yazıçısı, xalq artisti... O adları tək-tük doğruldanlar var.

- Müğənnilərin toylara getməsi və bundan istifadə edərək bir şou düzənləmələri mədəniyyətin hansı göstəricisidir?

- İndi biz böyük bir dünya içində yaşayırıq. Ona görə də o şouların meydana gəlməsi də təsadüfi deyil. Yəni o şoularda bəzən çox istedadlı adam olur. Gəncliyin axtarışda olduğu üzə çıxır. Hər bir axtarış isə yenilik gətirir. Ancaq gərək onu bayaq dediyim texnikadan qoruyasan.  O gərək əvvəl-əvvəl mikrafonsuz çıxış etsin, camaat da görsün ki, onun səsi var. Bunu dəmir-dümür səslər içində itirmək lazım deyil. Vaxtilə Bülbül, Xan Şuşuniski, Sara Qədimova, Şövkət Ələkbərova, Rübabə Muradova oxuyardı, xalq da məhəbbətlə qulaq asardı. Bu səslərin şeiriyyətini, bu səslərin gözəlliyini, bu səslərin ürəklərə yol tapmasının şahidi olmuşam. İndi bəzən görürsən ki, sponsor tapırlar, bir dəstə yığışıb daha çox qazanc məqsədi güdür. Bəlkə də müğənni oyuncağa çevrilir, onu məclisdən-məclisə aparırlar, orada danışırlar ki, bunun qiyməti nə qədər olacaq. Bu proseslər şübhəsiz ki, sənətə mane olur.

- Bu gün sənətdəki insanların vəziyyəti necədir?

- Bir neçə nəfər səsi olanlar var, heyif ki, onları çox az eşidirəm. Onların çıxışına imkan vermirlər. Yəni sənət bir tərəfdə qalır, o biri tərəfdə isə dəstə öz işindədir.

- Bu nəyin nəticəsidir ki, "dəstələr" ortada meydan sulayır?

- Guya Azəbaycanda müğənni yoxdur, təzə müğənni yetişdirirlər. Təzə müğənni Bülbülün, Behbudovun, Şuşinskinin yolu ilə gəlməlidir. Biz kökümüz üstə böyüməliyik. İndi deyirlər ki, Avropada filan şey var, gözümüzü yumub onu əldə etməyə çalışmalı deyilik. Qoy Avropa da bizdən bir şey götürsün. Avropanın mədəniyyəti Şərqdən qidalanıb. Bunlar hamısı bu zamanın, bu dünyanın taleyində çox ziqzaqlı, çox dolaşıq xətlərə gəlib düşüb. Təbii ki, Azərbaycanın da bu günki gənci istər-istəməz öz zövqü, sərbəstliyi dairəsində hər şeyə qulaq asa bilir, assın, ancaq biz hamını təkrarlamalı deyilik. Kim hardan tullanır, biz oraya atdanmamalıyıq. Bu xətt mənim xoşuma gəlmir. Mənim xoşuma gələn öz kökünün üstündə böyüməkdir. Öz kökün üstündə inkişaf elə, qoy dünya sənə alqış desin.


"Özbək gələndə bilirsən ki, bu özbəkdir, azərbaycanlı gələndə oxşada bilmirsən"


- Bu sapınmalara şərait yaradan nədir?

- Nə bilim, mənə elə gəlir ki, şərait yaradanlar var. Bu da xalq mənəviyyatını yaxşı bilməyənlərdir. İndi muğamımız üçün böyük şərait yaradılıb. Mən buna sevinirəm. Eşitmişəm ki, aşıqlar üçün də belə bir xətt olmalıdır. Axı bizim tariximizdə çox qüdrətli aşıqlarımız olub. Miskin Abdaldan, Qurbanidən, Abbas Tufarqanlıdan, Xəstə Qasımdan, Aşıq Alı, Aşıq Ələsgər və üzü bəri daha çox aşıqlar. Bunlar bu sənəti yaşada-yaşada gəliblər. Tutaq ki, birdən-birə bir "usilitel"i sazın böyrünə qoş, bu, qəbul olunmur axı.

- Sənətin təbliğatı televiziya verlişlərində yer ala bilirmi?

- İndiki televiziya zamanla ayaqlaşır. Ümumiyyətlə, televiziyanın xüsusi baxıcısı deyiləm. Yalnız xəbərlərə baxıram. Yaşımız artır, daha çox təmiz havada gəzmək, yaşlı dostlarla görüşmək, yaxud telefonla qohum - əqraba ilə, dostlarla danışıb, dərdinə şərik çıxmaqla məşğuluq. Bu da bizim köhnə ənənələrlə bağlıdır. Bunun üçün hansısa qanun lazım deyil. Bu gün televiziyada məni sevindirən şeylər çoxdur, nəinki narahat edən məsələlər.
Bəzən çox gözəl verilişlər gedir, adam heyran qalır. O verlişlər ki, görürsən dərinliklərə, tarixmizə baş vurur. Bəzən də görürsən ki, hələ o dərinliyi öyrənmədən təsadüfi bir adam bu verilişi aparır. Təsadüfi aparıcılar istər-istəməz dayaz təsəvvürünü ortaya qoyur və xalq tərəfindən sənət kimi qəbul olunmayan şeylər daha çox təbliğ olunur. Naşı tamaşaçıların gördüyü, öyrəndiyi də həmin şeylər olur. Ona görə də təbliğatda tarixi məqamlar əsas götürülməlidir. Belə müsbət verilişlər "AzTV", "İctimai", "Space", bəzən "Lider"də də olur, "ANS"də də var idi. Amma "ATV"yə çox az baxıram. Çünki orada əsəbləşdirici şeylər çox olur. Bəzən görürsən ki, aparıcı elə şit, elə yüngül atılıb düşür, oynayır, Azərbaycan oğluna, gəncinə yaraşmayan hərəkətlər edir. Nədi-nədi bunlar eşidib ki, Türkiyədə filan aparıcı atılırdı, qışqırırdı. Bir dəfə də özündən öyrən, Azərbaycan oğlusan axı, gərək atılasan, qışqırasan? Biz hər şeydən qabaq müsəlman ölkəsiyik. Biz ədəb-ərkan çərçivəsini gözləyənik, bizim millət ağsaqqalını, qarasaqqalını tanıyır, böyüyə-kiçiyə münasibəti var. Bu həmişə yüksək ənənə kimi örnək olmalıdır. Dünya da çox iş görür. Mən Pribaltikada olarkən oradakı uşaq xorlarına qulaq asmışam. Hər yaşın özünə məxsus dəstəsi var. Və milli ornamentlərlə olan geyimləri, səliqə-səhmanlı saç düzümləri var. Baxırsan, deyirsən, İlahi, nə gözəldir. Bu, o xalqı, onun adət-ənənəsini öyrədir sənə. Amma bizdə görürsən, uşağı elə bəzəyib ortaya çıxarırlar ki, uşaq kuklaya çevrilir. Bu uşağın nənəsi, babası var, nə olar, qoy keçmişinə yaxın olsun. Özbək gələndə bilirsən ki, bu özbəkdir, azərbaycanlı gələndə oxşada bilmirsən.

- Niyə?

- Bu, ənənəyə bağlıdır. Amma görürsən ki, bizim müğənnilər İranı, Turanı qatırlar bir-birinə. Elə bil ki, ənənəni dərhal ayaqlayb keçmək istəyirlər. Gərək sən ənənəyə elə münasibət bəsləyəsən ki, onu ayaq altına almayasan, başın üstündə saxlayasan. Adətən yeniliklər çətin qəbul olunur. Ancaq yenilik o vaxt qüdrətli olur ki, sənin keçdiyin ənənənin üstündə qurulsun. Yəni orda gələcəyə gedən körpü sınmasın. Rəhmətlik Osman Sarıvəllinin bir sözü var idi, deyirdi ki, filankəs bəzən yolunu elə yanılıb gedir ki, geri qayıtmağa yol tapmır. İndi belələri hər sahədə var. Millət dünya mədəniyyəti svilizasiyasında gərək öz mədəniyyəti ilə görünsün, öz mədəniyyətini təmsil eliyə bilsin. Bizim teatrımız çox qədimdir, dünən, bu gün yaranmayıb. Siz "Böyük Dayaq" filminə baxın, görün indi Ələsgər Ələkbərov kimi aktyor varmı həmin obrazı oynaya bilsin? Yaxud Sidqi Ruhulla, Mustafa Mərdanov, Möhsüm Sənani kimi oynayanlar varmı? Onlar başqası kimi oynamırdı, öz xalqının ürəyindən gələn sənətkarlar idi. Mir Cəlalın "Dirilən adam" romanının əsasında hazırlanan "Vicdan Adamı" əsəri də mənə keçmişi xatırlatdı. Orda nə qədər problemlər göstərilir. Problem nədir? Problem cəmiyyəti irəli aparan bir üsuldur. Ancaq başqasının əliylə yox, öz halal zəhməti, öz halal dünyası, öz halal sənəti ilə. Bizə hər şeyi bacadan sallayırlar ki, gəlin, sizin üçün bunu veririk, alın gedin. Yəni bu gün pop, estrada, yüngül musiqilərin çoxu yeyilmir, qulaq asılmır. Ancaq biz Rauf Hacıyevin,Tofiq Quliyevin, Emin Sabitoğlunun mahnılarını heç zaman unutmayacağıq. Onlar yaranan gündən xalq onları sevib. "Koroğlu" operası bizim sazımızın, cəngimizin, başqa nəfəsli alətlərin fonunda yaranan bir sənət əsəridir. O çalınanda hamımız ayağa qalxırdıq. Ürəyimizdə necə böyük duyğular, qəhrəmanlıq, vətənpərvərlik hissi ucalır. O böyük yolu Üzeyir Hacıbəyov qoyub ki, gərək onun xətti pozulmasın. Qara Qarayev yolu gərək davam etsin. Qara Qarayev musiqisi mürəkkəb, güclü emosiyalarla dolu, müasir dünyanı tərpədə bilən musiqidir. Onda sazın da rolu var, tütəyin də, tarın da, keçmiş dastanların da. Qara Qarayevin "Leyli Məcnun" simfoniyasına qulaq assanız, elə bil dərya ləpələnir. Bax bunları təbliğ etmək lazımdır. Gündə biri pırtdıyıb çıxır ekrana, adını da qoyurlar estrada ulduzu. Estrada ulduzu həqiqətən də var. Olsun. Daha ulduzu düzəltmək lazım deyil, ulduz gərək təbii yolla, necə ki, Rəşid Behbudov gəldi ulduz oldu, bu şəkildə olmalıdır. Musiqi təhsili olmayan adam necə ulduz ola bilər? Özgəni yamsılamaqla ulduz olmaq olarmı? Ola bilsin ki, mənim bu sözlərimi müsbət qəbul etməsinlər. Mən özüm düşündüyümü deyirəm. Mən xalq deyəndə onun mənəvi dünyası ilə tanınmasını düşünürəm. Mənəvi dünyamız indiyə qədər məlumdur. Bizim indi özümüzü dünyaya tanıtmağımıza ehtiyac yoxdur. Çünki dünya bizi tanıyır. "Arşın mal alan", "O olmasın, bu olsun" və digər filimlərimiz dünyanı dolanıb. Yəni yaranmış şeylər var. Mənim narahat olduğum budur ki, ənənəni itirməyək.
Müğənni, bəstəkar zəhmət çəkib sənətin biliyinə yiyələnsin. İndi heç bir musiqi təhsili olmadan hərə bir bəstəkardır. Türkəçarənin kökü qədimdir, amma ara musiqinin kökü yoxdur axı. Bunun kökünün haraya bağlı olduğu bəlli deyil. Məlum deyilsə, onda bunların hamısı bic olur. Bic musiqi, bic mahnı.
Bəzən də gözəl bir mahnını korlayırlar, onun sətir-sətir sözlərini dəyişirlər, mahnının içərisindən mahnı çıxarırlar, şeirin içindən şeir oğurlayırlar, belə şeylər var. Arzumuz budur ki, bizi daha yaxşı öyrənib meydana çıxsınlar, özünü öyrənsin, özündən qaçmasın, özgələşməsin. O qədər doğma adamlar özgələşib yadlaşıb ki, elə bil bunlar heç bu vətənin havasını almayıblar. Mən deyirəm ki, onlar bu torpağın üstündə yaşayan böyük sənətkarların ruhunu incitməsinlər.


"Yüngül mahnılar yüngül xasiyyət aşılayır"


- İlyas müəllim, bəs sənətkarlar niyə susur, niyə ortada deyillər?

- Niyə, ortadadılar. Mən Əlibaba Məmmədovun, Habil Əliyevin, Bəxtiyar Vahabzadənin açıq söhbətlərini eşitmişəm ki, səhnəyə çılpaq çıxanlara deyirlər- "qızım, olmaz". Şübhəsiz ki, onları sponsor meydana çıxarır. Çünki sənətin yolu ağırdır. Tənqid var, qulaq asmırlar. Azərbaycanın hürriyyəti gərək mənəviyyatımızın çərçivəsində, mədəni səviyyədə meydana çıxsın. Onu bayağılaşdırmaq düz deyil. Sənətkarın dediyinə gərək redaksiyalarda da qulaq asılsın, televiziya, radioda hörmət edilsin. Bəzən görürəm ki, bəzi kanallar çiy mahnıları verir. Bu nədir? Müğənni aparıb ora pul keçirir, deyir ki, mənim mahnımı fırla. Onu da pul maraqlandırır. Burda da gərək bir nəzəri, elmi baxış olsun. Mən istəyərəm ki, indi Azər Zeynalov oxusun, Mələkxanım Əyyubova oxusun. Belə musiqilər tərbiyə edir. Yüngül mahnılar yüngül xasiyyət aşılayır. Bizim musiqilərimizdə, şerimizdə, bütün yaradıcılıqlarda, rəssamlıqda Qarabağ dərdi olmalıdır. Bu vətənpərvərlik hisslərinin güclənməsi üçün lazımdır.  Dövlət inkişafdadır və bu bizi yazmağa qıcıqlandırır. Mən də o xətlərdə şerlər yazıram. Bəzən də görürsən ki, tənqidi yazılarım da olur. Böyük yol mənəviyyat olmalıdır. Xırda şeylər gəlib gedəndir. Əsas deyilən sözdür, Bunun hansı formada olması önəmli deyil.

- İlyas müəllim, ədəbiyyatla bağlı mübahisələr ortaya çıxır. Bu gün sanki qocaman yazarlar gənclərə imkan yaratmırlar. Sizcə ədəbiyyatda mövcud olan bu problemlərin qaynağı hardandır?

- Ədəbiyyatdakı xidmətimi, təcrübəmi nəzərə alan bir çox gənclər öz kitablarının redaktəsini mənə həvalə edir və hazırladıqları kitablarla bağlı məndən məsləhət istəyirlər. Onların arasında istedadlıları da var, zəifləri də. Mənim bu fəaliyyətimin Yazıçılar Birliyinə heç bir aidiyyatı yoxdur. Heç Yazıçılar Birliyinə çox vaxt getmirəm.
Düşünürəm ki, ədəbiyyatda elə bir problem yoxdur. Ədəbiyyatın əsas mövzusu həyatın özündən gəlir. Qeyri-adi, vergidən yaranan bir ədəbiyyat yoxdur. Bəzən akademiklər elə şeylər danışırlar ki, fikirləşirsən ki, bu onun ağlına hardan gəlir. Elələri var ki,  konkret yazılan ədəbiyyatı oxumur, amma görürsən ki, əsərlərin yoxluğundan danışırlar. Ədəbiyyatda probem axtaranlar o adamlardır ki, heç yazıçının nə demək olduğunu bilmir. Gənc yazıçılar da həmin o ədəbiyyatın içindən çıxır, göydən düşmür ki. Əvvəl dərk etmir, elə ki, təcrübə qazandı, görür ki, yox, yol elə həmin yoldur. İnsan az bildikcə, elə bilir çox bilir. Çox bilən adam isə görür ki, hələ heç nə bilmir. Gənclik də bir çox məsələlərə etirazla yanaşır, amma müdrikləşdikcə, düşünür ki, böyük bir səhv edib, özünü yekəxana aparıb. Başa düşə bilməsə də həyat özü onu başa salır. Amma bədbin olmaq lazım deyil, ədəbiyyat həmişə inkişafdadır və öz yolu ilə gedir. Yeni müəllimlər gəlir.

Tahirə Qafarlı
Milli.Az