Avropa liqalarında 2020-ci ildə məğlub olmayan komandaların adları məlum olub.
Milli.Az matc.az-a istinadən xəbər verir ki, cari ildə yoluna maksimum performansla davam edən tək klub "Qalatasaray"dır.
İstanbul təmsilçisi 2020-ci ildə çıxdığı 7 çempionat görüşünün hamısında qalib gəlməyi bacarıb. Premyer Liqa lideri "Liverpul"un isə qələbə seriyası bitib. "Qırmızılar" son turda səfərdə "Uotford"a məğlub olaraq (3:0) ilin və mövsümün tək məğlubiyyətini alıblar. "Arsenal" da 2020-ci ildə meydanı xalsız tərk etməyənlər içərisindədir. "Topçular" cari ildə keçirdiyi 7 qarşılaşmada 4 qələbə, 3 heç-heçə ediblər.
Bundesliqada 10 oyundur uduzmayan "Bavariya" yeni ildə çıxdığı 7 matçdan 6 qələbə alıbsa, birində meydanı "sülh"lə tərk edib. A Seriyasının iki təmsilçisi - "Latsio" və "Verona" da 2020-də məğlubiyyət görməyiblər. Liqa 1-də 15 matçdır uduzmayan PSJ bu il çıxdığı 9 oyundan 7 qələbə, 2 heç-heçə alıb.
Premyer Liqamızın lideri "Qarabağ" da 2020-ci ildə yoluna məğlubiyyətsiz davam edir. Ağdam klubu fasilədən sonra keçirdiyi 5 görüşdə 3 qələbə qazanıbsa, digər iki qarşılaşmada rəqibləri ilə "sülh" bağlayıb.
Milli.Az