"Pulların bir hissəsini alpinistlərin axtarışına xərcləmişik" - Mənimsəmədə suçlanan məmur

1 Mart 2020 13:46

Vəzifəli şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanırlar.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Təqsirləndirilən şəxslərdən biri nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənovdur. Onunla birlikdə Departamentin baş mühasibi İlqar Hacıyev də cinayət məsuliyyətinə cəlb edilib. Yalnız İlqar Hacıyev həbsdədir.

Departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyev də təqsirləndirilən şəxs qismində hakim önünə çıxarılıb. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında məlum olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəməyə 151 min manatlıq mülki iddia təqdim edib. Dəymiş zərər ümumi olaraq 451 min manatdır. İstintaq dövründə 300 min manat zərər ödənilib.

Həbsdə olan İlqar Hacıyevin vəkili Ramil Məmmədzadə mülki iddiaya etiraz edib. Vəkil bildirib ki, mülki iddia verilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə əməl edilməyib.

Ramil Məmmədzadə məhkəmənin diqqətinə çatdırıb ki, mülki iddia təqsirləndirilən şəxslərin 5-nə qarşı müştərək şəkildə irəli sürülüb: "Amma Mülki Prosesual Məcəlləyə əsasən hər bir şəxsə qarşı mülki iddia ayrı-ayrılıqda göstərilməli və əsaslandırılmalıdır. Məhkəmə bu şəkildə mülki iddianı icraata qəbul edə bilməz".

Lakin məhkəmə elan etdiyi qərara əsasən mülki iddianı icraata qəbul edib. Prosesin davamında dövlət ittihamçısı ittiham aktını elan edib. Elan edilmiş ittihamla təqsirləndirilən şəxslər özünü təqsirli bilməyib. Yalnız Əkbər Həsənov özünü qismən təqsirli bildiyini deyib.

İlqar Hacıyevin vəkili Ramil Məmmədzadə məhkəmənin diqqətinə çatdırıb ki, hakim tərəflərdən ittihamın mahiyyətinin kimə aydın olub-olmamasını soruşmayıb. Vəkilin bu sözlərinə hakimlə yanaşı dövlət ittihamçısı da etiraz edib. Prokuror deyib ki, əgər vəkil ittihamın mahiyyətinin ona aydın olmadığını deyirsə, təqsirləndirilən şəxsi necə müdafiə edəcək?

Vəkil Ramil Məmmədzadə bu fikirlərini əsaslandıra biləcəyini deyib və hakim də ona şərait yaradıb. Vəkil deyib ki, müdafiə etdiyi şəxsə qarşı Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham irəli sürülüb: "Həmin maddənin dispozisiyası deyir ki, şəxs ona etibar edilmiş əmlakı talayıb. Əmlak da o halda talanır ki, həmin əmlak həmin şəxsdə olur. Amma həmin əmlak mənim müdafiə etdiyim şəxsdə olmayıb. İstintaq müəyyən etməyib ki, talandığı deyilən pullar haradadır. Pulun necə ələ keçirildiyi, hara xərcləndiyi müəyyən edilməyib. Belə olan halda əlbəttə ki, ittihamın mahiyyəti bizə məlum olmur".

Məhkəmə prosesi davam etdirib və ilk olaraq təqsirləndirilənlərdən Əkbər Həsənov dindirilib. Əkbər Həsənov özünü mənimsəmə ittihamı ilə təqsirli bilmədiyini deyib. Digər maddələrlə isə özünü qismən təqsirli bildiyini söyləyib. Vəkil Ramil Məmmədzadənin sualına cavabında Əkbər Həsənov bir daha təsdiq edib ki, vəzifə səlahiyyətlərini aşma və bəzu qanun pozuntularına yol verməsini etiraf edir.

Ramil Məmmədzadə Əkbər Həsənovdan soruşub ki, əgər mənimsəmə də özünü təqsirli bilmirdisə, niyə 274 min manat zərəri ödəyib? Əkbər Həsənov suala cavab verməkdə çətinlik çəkib və qısa olaraq "dövlət əmlakı idi" deyərək kifayətlənib. Vəkil Əkbər Həsənova deyib ki, əgər dövlət əmlakının qədrini bilirsə, niyə qalan 151 min manatı ödəmir? Əkbər Həsənov deyib ki, 151 mini də digər təqsirləndirilən şəxslər ödəməlidir. Əkbər Həsənov növbəti suallara cavab verməkdə çətinlik çəkib.

Vəkil Ramil Məmmədzadənin "siz həmin məbləğləri hara xərcləmişdiniz" sualına Əkbər Həsənov "Departament daxili xərclərə" deyib. Amma bu cavab vəkili qane etməyib və daha ətraflı izahat verməsini, konkret olaraq pulların hara xərcləndiyini soruşub.

Əkbər Həsənov deyib ki, xərclərin bir qismi Departamentdə komunikasiya xətlərinin çəkilməsinə xərclənib. Vəkil isə xatırladıb ki, bunun üçün nazirlik dövlət büdcəsindən ayrılmış vəsaitdən istifadə edir.

Əkbər Həsənov bunu izah edə bilməyib və daha sonra da pulların bir hissəsinin itkin düşən alpinistlərin (2018-ci ildə Quba rayonunda dağlıq ərazidə "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü itkin düşmüşdü. Aylarla davam edən axtarışdan sonra onların cansız bədəni tapılmışdı) axtarışı üçün cəlb edilən texnikaya ödənildiyini deyib.

Vəkil bildirib ki, qeyd edilən xərclər 100 min manat olsa belə qalan 351 min manatın hara və necə xərcləndiyi məlum deyil. Əkbər Həsənov isə sualların çoxuna "xatırlamıram", "bilmirəm" deyə cavablar verib. Bu zaman Əkbər Həsənovun suallara cavab vermək istəməməsi gərginliyə səbəb olub. Proses təxirə salınıb. Vəkil Ramil Məmmədzadə bildirib ki, növbəti prosesdə Əkbər Həsənova sualları olacaq.

Xatırladaq ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb. Məhkəmədə məlum olub ki, iş üzrə zərərçəkmiş tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı 27 nəfər şəxs də var. Onlar nazirliyin əməkdaşlarıdır.

İttihama görə, Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər. Zərərçəkən 27 nəfər də məhz əmək müqaviləsi izmalanmayan, maaşları karta köçürülərək mənimsənilən şəxslərdir.

Xatırladaq ki, uzun illər nazirliyin Hidrometeorologiya Departamentinin direktoru Əkbər Həsənovun və baş mühasibi İlqar Hacıyevin adı Departamentin maliyyə yükünün "şişirdilməsində", quruma tabeli stansiyalarda çoxsaylı "ölü can"ların saxlanmasında çəkilirdi.
 
Əkbər Həsənovun Bakı şəhərində, Ağdaş və Qəbələ rayonlarında xeyli sayda mülklərinin, obyektlərinin və digər daşınmaz əmlaklarının mövcuddur. Əkbər Həsənovun 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə - direktor və direktor müavini işləyib. 

Milli.Az