Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirildi - FOTO

1 Mart 2020 09:16

Bakının mərkəzində Şah İsmayıl Xətainin abidəsi sökülüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrin istifadəçiləri məlumat yayıblar.

Məlumata görə, Yusif Səfərov küçəsinə texnika və polis əməkdaşları cəlb olunub. 

Xatırladaq ki, prospektdə yol qovşağının yaradılması ilə əlaqədar abidənin söküləcəyi barədə hələ 2017-ci ildə anons verilmişdi.

APA-nın məlumatına görə, heykəl Yusif Səfərov küçəsində Leyla Şıxlinskayanın klinikası ilə Mərkəzi Neftçilər Xəstəxanasının arasındakı əraziyə köçürülüb. 

Yusif Səfərov küçəsi ilə Mehdi Mehdizadə küçəsinin kəsişməsində yerləşən heykəl 1993-cü ildə ucaldılıb.

Şah İsmayıl Xətai görkəmli tarixi şəxsiyyətdir, Səfəvilər dövlətinin banisi və ilk hökmdarı olub. Vahid Azərbaycan dövlətinin əsasını qoyan və Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldıran məhz o olub. Şah İsmayıl Xətai təxəllüsü ilə lirik və epik şeirlər də yazıb.

Milli.Az