Pentaqon rəhbəri və Əfqanıstan prezidenti "Taliban"la razılaşmanı müzakirə ediblər

1 Mart 2020 08:07

Pentaqon rəhbəri Mark Esper və Əfqanıstanın prezidenti Əşrəf Qani Kabildə "Taliban"la razılaşmanı və sülh prosesinin başladılmasını müzakirə ediblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Esper və prezident Qani razılaşıblar ki, bu (razılaşma - red.), Əfqanıstan xalqı üçün sülhə nail olmaq üzrə prosesin başlamasını, o cümlədən Əfqanıstanda təhlükəsizliyi və sabitliyi ifadə edir".

Xatırladaq ki, ötən gün ABŞ və "Taliban" hərəkatı arasında sülh razılaşması imzalanıb. Razılaşmanı ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və "Taliban" hərəkatının liderinin müavini, hərəkatın Qətərdəki siyasi ofisinin rəhbəri molla Abdulla Qani Baradar imzalayıblar. Sülh razılaşmasının imzalanması mərasimi Qətərin paytaxtı Dohada keçirilib.

Milli.Az