Koronavirus epidemiyası: BMT-də Asiya mənşəli insanlara münasibətdə nifrət təzahürlərindən narahatdırlar

29 Fevral 2020 04:30

Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə ali komissarı Mişel Baçelet BMT-yə üzv ölkələri COVID-19 koronavirusunun yayılması fonunda Asiya mənşəli insanlara münasibətdə ksenofobiya dalğasının və nifrət təzahürlərinin qarşısını almağa çağırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu virusa yoluxanların sayı 81 mini ötüb, xəstəliyə tutulanların böyük əksəriyyəti Çində yerləşir. Lakin koronavirusun yayılma coğrafiyası günü-gündən genişlənir. Məsələn, bu gün Cenevrədə yoluxma halı təsdiq edilib.

İsveçrənin bu şəhərində bu günlərdə keçirilən BMT-nin insan haqları üzrə 43-cü sessiyasında çıxış edən Mişel Baçelet xəstəliklə mübarizədə birinci sırada olan tibb işçilərinin vəziyyətini vurğulayıb. O deyib: "Mən insanın həyat və sağlamlığına olan hüquqlarına təhlükə yaradan koronavirusla mübarizə aparan tibb işçilərinə dərin minnətdarlığımı bildirirəm".

Onun sözlərinə görə, xəstəliklərin belə baş qaldırması cəmiyyətin davamlılığının sınanmasıdır: əgər insan haqları sahəsində müəyyən olunan standartlara riayət olunarsa, o zaman koronavirusla mübarizə cəhdləri yalnız səmərəli ola bilər. "Virusa qalib gəlmək üçün cəmiyyətin sağlamlığı sahəsində görülən tədbirlər ayrı-seçkilik xarakteri daşımamalıdır. Əhalinin bu prosesdə iştirakı üçün onların məlumatlandırılması zəruridir", - deyə Baçelet qeyd edib.

BMT-nin baş hüquq müdafiəçisinin sözlərinə görə, koronavirus şübhəsi ilə pasiyentlərin karantini vaxt cəhətdən məhdudlaşdırılmalı, təhlükəsiz şəraitdə həyata keçirilməli və onların ətraf mühit üçün təşkil etdiyi təhlükə səviyyəsinə müvafiq olmalıdır. O həmçinin xatırladıb ki, bununla yanaşı insan haqlarına riayət olunmalıdır. Baçelet bəşəriyyəti karantin altında olan şəxslərə insani rəftar etməyə, onları yemək və su ilə təmin etməyə, həmçinin zərurət yarandığı halda onlara tibbi yardım etməyə çağırıb. "Bizim əməkdaşlarımız bu vəziyyətə düşən insanların hüquqlarını qorumaqdan ötrü bütün maraqlanan tərəflərə yerindəcə yardım göstərəcəklər", - deyə ali komissar əlavə edib.

Milli.Az