Aydın Mirzəzadə: "Azərbaycan və Türkiyə eyni ab-hava ilə nəfəs alırlar"

27 Fevral 2020 18:47

Azərbaycan və Türkiyə arasındakı münasibətlər qonşu dövlətlərin münasibətlərindən çox-çox yüksəkdə olan münasibətlərdir.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri bir siyasət, bir amal, bir tarix, bir-birinin problemsiz yaşaması üçün qurulan ümumi dəstək siyasətidir.

Deputat əlavə edib ki, hər iki dövlətin rəhbərliyi bu siyasəti uğurla həyata keçirir: "Qarşılıqlı səfərlər görülən işlərə bir daha nəzərdən keçirmək, yeni potensialları üzə çıxarmaq, dünya və region qarşısında dayanan məsələləri birgə müzakirə edərək həll yolunu tapmağa imkan verir. Həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları göstərdi ki, tərəflər bir-birləri ilə münasibət qurmaqda həddindən artıq maraqlıdırlar və bu münasibətləri qoruyurlar".

A.Mirzəzadə qeyd edib ki, Türkiyənin Azərbaycanın uğurlarına sevinməsi, Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olması, son parlament seçkilərində Prezident İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının qələbə qazanmasını dilə gətirməsi bir daha göstəriri ki, ölkələrimiz eyni ab-hava ilə nəfəs alırlar: "Bu görüşlərin nəticəsi olaraq, münasibətlərimizin daha möhkəm olacağı, bütün sahələrdə, əsasən, beynəlxalq birliklərdə birgə fəaliyyət istiqamətində yeni addımların atılacağını gözləmək olar".

Milli.Az