Yardımlıda narkobaron əmisini və əmisi oğlunu öldürən şəxs tutuldu - YENİLƏNİB - FOTO

27 Fevral 2020 18:26

18:26

Fevralın 27-də saat 14 radələrində Yardımlı rayonunun Eçara kəndi ərazisində Masallı rayon sakinləri Şəmsəddin Kərimovun və oğlu Elməddinin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən Milli.Az-a daxil olan birgə məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində Nurəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən yaxın qohumları olan Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildiriblər. Yaranmış mübahisə nəticəsində Kənan odlu silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.

Hadisə yerindən bir ədəd, Nurəddin Kərimova məxsus fermadan isə iki ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nurəddin Kərimov saxlanılıb, cinayəti törətməkdə şübhəli bilinən oğlu Kənanın isə tutularaq istintaqa təhvil verilməsi, habelə faktın tam və hərtərəfli araşdırılması məqsədilə təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

----------

17:10

Yardımlı rayonunda 2 nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, fevralın 27-si saat 14 radələrində Yardımlı rayonunun Heçxara kəndi ərazisində Şəmsəddin Kərimov və oğlu Elməddinin üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, "Baron Şəmi" ləqəbli Şəmsəddin Kərimovu və oğlu Niyaməddin Kərimovu güllələyən şəxs hələ tutulmayıb.  

----------

14:50

Yardımlıda ata və oğlu güllələnib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün Yardımlı rayonunda baş verib. İlkin məlumata görə, Masallı sakini əmisini və əmisi oğlunu güllələyib.

Gülələnənlərdən biri "Baron Şəmi" ləqəbi ilə tanınan narkobaron Şəmsəddin Fəxrəddin oğlu Kərimovdur, digəri isə onun oğlu Kərimov Niyaməddin Şəmsəddin oğludur.

Hər iki şəxsin öldüyü bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az