Hotellərə ulduzların verilməsinə maydan başlanacaq

27 Fevral 2020 13:29

Azərbaycanda hotellərin ulduzlaşması ilə bağlı müraciətlərin qəbuluna cari ilin may ayından etibarən başlanılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Ulduz Təsnifatı Sistemi ilə bağlı keçirilən təlimdə Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam deyib.

Onun sözlərinə görə, Milli Ulduz Təsnifat Sisteminin icrası Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçiriləcək.

Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - "Hotelstars Union"un təsnifat meyarları əsasında hazırlanıb.

G.Sağlam əlavə edib ki, bu növ təlimlər ilk olaraq Bakıda, sonra isə regionlarda davamlı olaraq təşkil olunacaq.

Təlim zamanı iştirakçılar ulduzlaşma qaydaları, tətbiq olunma metodu, lazımi sənədlər və minimum meyarlarla bağlı məlumatlandırılırlar.

Xatırladaq ki, Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının - "Hotelstars Union"un və Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının ("HOTREC") müşahidəçi üzvüdür.

Ötən ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib.

Milli.Az