Azərbaycan Pakistana 2 milyon dollarlıq yardım etdi
29 Noyabr 2011 20:52
Azərbaycan dost və qardaş ölkə olan Pakistanda sel və daşqınlardan zərər çəkənlər üçün maliyyə yardımı göndərib. AzərTAc-ın məlumatına görə, Türkiyənin Anadolu xəbər agentliyi İslamabaddan xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov 2 milyon ABŞ dolları məbləğində yardım çekini bu ölkənin baş naziri Yusuf Rıza Gilaniyə təqdim edib.
Pakistan hökumətinin başçısı 2005-ci ildə olmuş Kəşmir zəlzələsi, ötən il və bu yaxınlarda baş vermiş sel fəlakətlərindən sonra yardım əlini uzadan dost Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Azərbaycanın İslamabadda bir məktəb, yaxud park inşa etmək istədiyini bildirən səfir demişdir ki, ölkəmiz dost Pakistan xalqı ilə əlaqələri daha da gücləndirmək niyyətindədir. Diplomat Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyi üçün Pakistan rəhbərliyinə təşəkkürünü bildirib.
D.Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın baş nazirini ölkəmizə səfərə dəvət etdiyini də deyib.
Milli.Az