Bakıda Avropa çempionatı başa çatdı: 7 qızıl, 2 gümüş və 1 bürünc - YENİLƏNİB

18 Aprel 2010 18:01
Çempionatın sonuncu günü yunan-Roma güləşçiləri üç çəki dərəcəsində mübarizə aparıblar.

Yarışda Azərbaycanı Şalva Qabadze (84 kq), Səbuhi Hümbətov (96 kq) və Müslüm Müslümov (120 kq) təmsil ediblər.
İlk görüşdə hər üç güləşçimiz - Şalva Qadabadze türkiyəli Nəzmi Avulcaya, Səbuhi Hümbətov rusiyalı Aslanbek Kuştova, Müslüm Müslümov isə serbiyalı Rodamir Petkoviçə məğlub olub.

Azərbaycan güləşçilərinin rəqibləri final mərhələsinə yüksəlsələr də, idmançılarımız təsəlliverici görüşlərdə də uduzublar.

84 kq çəki dərəcəsində finalda türkiyəli Nəzmi Avulca rusiyalı Aleksey Mişini məğlub edərək qızıl medala sahib olub.

96 kq çəki dərəcəsində Aslanbek Kuştov (Rusiya) Timofey Jiniçenkodan (Belorus) üstün olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

120 kq çəki dərəcəsində isə finalda Rza Kayaalp (Türkiyə) Rodamir Petkoviçi (Serbiya) məğlub edərək Avropa çempionu adını qazanıb.

Sonra güləşçilərə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının xüsusi mükafatları təqdim olunub. Avropa çempionatının ən yaxşı yunan-Roma güləşçisi adına Nəzmi Avulca və Aslanbek Kuştov layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan güləşçiləri Avropa çempionatında 7 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olmuşlar.

/AzərTAc/

--------------------------------------

17 aprel 22:30

Aprelin 17-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən güləş üzrə Avropa çempionatında 55 kq, 60 kq, 66 kq və 74 kq çəki dərəcələrində yunan-Roma güləşçilərinin yarışları keçirilib.

Çempionatın beşinci günü xalça üzərinə Azərbaycan pəhləvanları Elçin Əliyev (55 kq), Həsən Əliyev (60 kq), Fərid Mansurov (66 kq) və Elvin Mürsəliyev (74 kq) çıxıblar.

Elçin Əliyev rəqibləri Vüqar Əliyevi (Ukrayna), Anders Andresen Ronningeni (Norveç), Aleksandr Stoyanov Kostadinovu (Bolqarıstan) məğlub edərək finala vəsiqə qazanıb. Finalda Rusiya güləşçisi Nazir Mankiyevdən üstün olub, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Həsən Əliyev ardıcıl olaraq rəqibləri Sebastian Serge Hidalqonu (Fransa), Söner Sucunu (Türkiyə), Tonimir Sokolu (Xorvatiya) yarışdan kənarlaşdıraraq, final görüşündə Ukrayna güləşçisi Konstantin Balitskini məğlub edərək qızıl medala sahib olub.

Yunan-Roma güləşi üzrə Afina Olimpiadasının qalibi, ikiqat dünya çempionu Fərid Mansurov ispan rəqibi Oskar Parra Fernandez ilə qarşılaşmada zədə aldığına görə çempionatda iştirakını dayandırıb. Rusiya güləşçisi Ambako Vaçadze rəqibi İon İulian Panaiti (Rumıniya) məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Tomas Sobeçkini (Çexiya), Bozo Starceviçi (Xorvatiya), Peter Bacsini (Macarıstan) məğlub edən Elvin Mürsəliyev qızıl medal uğrunda görüşdə belaruslu güləşçi Aleksandr Kikiniouya uduzaraq çempionatın gümüş medalı ilə kifayətlənib.

Sonra güləşçilərə FİLA-nın xüsusi mükafatları təqdim olunub. Avropa çempionatının ən yaxşı yunan-Roma güləşçisi adına Elçin Əliyev və Həsən Əliyev layiq görülüblər.

Milli.Az

Uyğun linklər:

Sona Əhmədli və Nadejda Semetsova Avropa çempionu oldu - YENİLƏNİB

İki güləşçimiz Avropa çempionu oldu - FOTOSESSİYA - YENİLƏNİB