“Onlar musiqiçi deyil, istifadəçidirlər” - Samir tənqid etdi

24 Fevral 2020 11:23

Şou-biznes bərbad vəziyyətdədir. Çox heyif ki, estrada və pop musiqisi günü-gündən zəifləyir.

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Samir Cavadzadə deyib.

İfaçı bayağı müğənnilərin çoxalmasında onları qınayanlara cavab verib:

"Hərdən deyirlər ki, siz çıxmırsınız deyə, məcbur qalıb onları efirə çağırırıq. Bayağı oxuyan müğənniləri biz çıxarmamışıq. Özəl kanallar istədiyi hər ifaçını çağırır. Efirdə zarafat da olar. Elə şeylər var ki, mənə çatmır. İndiki bəyənilən mahnılar pop və estrada musiqisi deyil. Onlar 40 il bundan öncə "Yonika" sintezatorlarda çalınan Özbəkistan və Türkmənistan ritmləridir. Görmüşük ki, insan inkişaf edər. İfaçılar var idi ki, yeni çıxanda bayağı oxuyurdular deyə bəyənilmirdilər. Amma dəyişdilər: yaxşı bəstəkarlarla, musiqiçilərlə işlədilər. Hər şeylərini qurban verdilər ki, qazansınlar. İnsanların zövqünü korlayanlar musiqiçi deyil, istifadəçidirlər. Sadəcə pul bazarıdır, istifadə edirlər".

Qeyd edək ki, S.Cavadzadə bir müddət öncə verdiyi açıqlamada "Bayağı ifa edən şəxslər yaxşı insan olsaydılar, Azərbaycan mədəniyyətini, musiqisini korlayıb, bu günə qoymazdılar" sözlərini işlətmiş və qalmaqala səbəb olmuşdu.

Milli.Az