Pompeonun postsovet turnesi: qlobal və regional geosiyasi trendlərin kəsişməsində

20 Fevral 2020 17:44

Milli.Az newtimes.az-ın yazısını təqdim edir:

Amerika Birləşmiş Ştatları dünyanın qüdrətli və böyük geosiyasi güc mərkəzlərindən biri kimi xarici siyasətdə fəallığını yeni səviyyəyə yüksəldir. Getdikcə daha aydın hiss olunur ki, prezident Donald Trampın bir sıra hallarda məntiqsiz və sadəlövh görünən addımları, əslində, dərin siyasətin özünəməxsus təzahürləridir. Bu baxımdan ekspertlər dövlət katibi Mayk Pompeonun dörd postsovet məkanı ölkəsinə bir səfər çərçivəsində baş çəkməsini qlobal və regional geosiyasi dinamikanın qarşılıqlı əlaqəsi müstəvisində qiymətləndirməyə üstünlük verirlər. Doğrudan da, həmin prizmadan aparılan təhlillər göstərir ki, burada çoxlu sayda faktorların qarşılıqlı təsiri mövcuddur. Onların sırasında M.Pompeonun postsovet məkanı ölkələrinə səfərinə Londonda müzakirələr apardıqdan sonra başlamasına diqqət yetirir, bunu rəmzi olaraq ABŞ-ın Avrasiya məkanında əsas müttəfiqini müəyyən etməsi kimi dəyərləndirirlər. Bundan başqa, həmin səfər bütövlükdə qlobal geosiyasətdə özünü göstərən başlıca trendlərlə əlaqələndirilir. Burada daha çox məsələyə ABŞ-Çin-Rusiya münasibətlərinin dinamikası aspektində baxırlar. Amerikanın özünün iki geosiyasi rəqibinə qarşı daha təsirli mövqe tutmağa başladığı vurğulanır.

Üç gücün toqquşması: qlobal miqyasdakı təzahürlər

ABŞ-ın dövlət katibi Mayk Pompeonun bir həftə ərzində postsovet məkanının dörd ölkəsinə səfər etməsini beynəlxalq siyasətdə adi hadisə saymırlar. Məsələ dövlət katibi M.Pompeonun kimliyində və ya Amerikanın böyüklüyündə deyil. Ekspertlər üçün bu addımın arxasında dayanan qlobal geosiyasi və regional geosiyasi-hərbi-iqtisadi məqamlar aktuallıq kəsb edir. Həmin prizmadan baxdıqda isə M.Pompeonun səfərini iki səviyyədə - qlobal geosiyasi və konkret dörd ölkə ilə əməkdaşlıq perspektivləri çərçivəsində analiz etməyin faydalı olacağını düşünürük. Əslində, həmin səfərə həsr edilmiş təhlillərdə də bu iki xətt aydın və ya gizli ifadə olunur.

Öncə məsələyə qlobal geosiyasi trendlər prizmasından nəzər salaq. Ekspertlər əmindirlər ki, hazırda dünya nizamı böhran vəziyyətindədir. Onun üçün risklər xeyli artıb. Geosiyasi turbulentlik getdikcə daha geniş miqyas alır, dərin və həssas məqamları qabardır. Bunun fonunda bütövlükdə dünyada qeyri-müəyyənlik artır.

Maraqlı məqamlardan biri odur ki, bu cür gedişat böyük geosiyasi güclərin daha da fəallaşması ilə müşayiət olunur. İndi qlobal geosiyasi meydanda bir neçə fəal oyunçu vardır. Onların sırasında, əlbəttə, ABŞ, Çin və Rusiya xüsusi yer tutur. Analitiklər məhz bu üç qüvvənin mübarizəsi dinamikasında müasir qlobal geosiyasi mənzərənin dəyişməsi istiqamətlərinə baxırlar. M.Pompeonun səfərinə də qlobal geosiyasi müstəvidə məhz bu kontekstdə yanaşılır (bunun əsaslı olub-olmaması başqa mövzudur).

Qlobal miqyaslı digər faktor hadisələrin sürətlə cərəyan etməsi ilə bağlıdır. Hətta böyük güclər üçün sürətlə dəyişən mühitdə sabit siyasət yeritmək asan deyil. Məsələn, M.Pompeonun postsovet məkanı ölkələrinə səfəri yanvarın əvvəlinə nəzərdə tutulubmuş. Lakin İraqda vəziyyətin kəskinləşməsi səfəri təxirə salmağa məcbur edib. Ekspertlərə görə, bu, səfərin məzmununa da müəyyən dərəcədə təsir edib.

Nəhayət, M.Pompeonun həmin səfərinə ABŞ-Çin-Rusiya geosiyasi mübarizəsinin indiki durumu çərçivəsində yanaşmaq lazım gəlir. Çünki son zamanlar bu böyük dövlətlər arasında qlobal geosiyasi dinamikanı dəyişə biləcək mübarizə gedir. Məlumdur ki, Amerika Çini özü üçün ən böyük təhlükə kimi qəbul edir. Çin rəhbərliyi də son dövrlərdə Amerikanı özünə ən böyük təhlükə saydığını bəyan edib. Bu o deməkdir ki, onlar arasında mübarizə tam olaraq qarşılıqlı radikal müstəviyə transfer olur ki, burada bir-birini təhlükə elementi hesab etmək onlar üçün xarakterik olur. Digər məqamlarla yanaşı, bunun mənalarından biri də dünyanın hər yerində ABŞ və Çinin bütün vasitələrlə savaşa biləcəkləridir.

Şübhə yoxdur ki, Mərkəzi Asiya bu sırada sonuncu deyil. Əksinə, Pekinin həmin regiona güclü maliyyə-iqtisadi nüfuzu Vaşinqton üçün üzərində düşünüləsi faktdır. M.Pompeonun Qazaxıstan və Özbəkistanda danışdıqları bunu bir daha təsdiq edir. Orada amerikalı diplomat Çində etnik qazaxlara qarşı ayrı-seçkiliyin olduğunu və bu məsələdə Qazaxıstanın yanında olduqlarını açıq deyib. Ancaq Qazaxıstan hökuməti bəyanat verərək, Çində qazaxların təzyiqə məruz qalmadıqlarını ifadə edib. Ayrıca, onlar üçün filtrasiya düşərgələrinin də yaradılmadığını vurğulayıb.

Özbəkistanla aparılan müzakirələrdə də buna bənzər notlar özünü göstərib. Yəni, M.Pompeo faktiki olaraq nümayiş etdirib ki, regiona səfərinə Çin faktoru ilə bağlı baxır. Ekspertlər bu aspektdə dunqanlarla bağlı baş verən və Qazaxıstanla yanaşı Qırğızıstanı da əhatə edən hadisələrə müəyyən qiymət verirlər. Onu Mərkəzi Asiyada geosiyasi vəziyyətin gərginləşdirilməsi prizmasından qiymətləndirirlər ki, son məqsədin də Çinin ətrafında münaqişə ocaqları yaratmaqdan ibarət olduğu nəticəsi çıxarılır.

Risklər məkanında tanqo: Şərqi Avropadan Əfqanıstana qədər...

Bu kontekstdə Əfqanıstan faktoru da ayrıca önəm kəsb etməkdədir. Qlobal geosiyasət üçün Əfqanıstan Asiya məkanı miqyasında həlledici sayılan amillər sırasındadır. Əfqanıstan narkoticarət, terror və dini radikalizm ixrac edə bilən mühit kimi qəbul edilir. Bu üç dağıdıcı faktorun ilk olaraq Çin və Rusiyaya yönəldiyi də etiraf edilən məqamlardandır. Lakin bu çərçivədə Mərkəzi Asiya dövlətləri də həmin risklərin təsir dairəsinə düşür. Onların artıq bundan əziyyət çəkdiyi sirr deyil. Qırğızıstan, Özbəkistan və Tacikistan bir neçə dəfə hər üç dağıdıcı faktorun fəallaşdığı məkan olub. Silahlı toqquşmalar baş verib. Əsgərlər həlak olublar. Bir neçə dəfə mülki vətəndaşlar arasında toqquşmalar yaradılmağa cəhdlər olub.

Bunların fonunda Rusiya xüsusi xidmət orqanlarının Əfqanıstandan terrorun qonşu ərazilərə yayılma ehtimalının yüksəldiyi barədə xəbərdarlıq etməsi təsadüfi deyil. Bunun üçün Yaxın Şərqdən terrorçuların Əfqanıstana daşındığı haqqında da informasiyalar yayılır. Bu məqamda Rusiya faktorunun geosiyasi məzmunu da M.Pompeonun səfəri fonunda düşündürücü görünür. Təbii ki, M.Pompeo açıq şəkildə terrora və ya radikallığa çağırış etməyib və etməz. Lakin qlobal geosiyasi mübarizənin təcrübəsi göstərir ki, bir sıra hallarda deyilməyənlər deyilənlərdən daha tez praktikada tətbiq edilir.

Bu bağlılıqda M.Pompeonun Mərkəzi Asiya ölkələrindən bəzilərində təhlükəsizliyin təmini məsələsinin həssaslığı üzərində dayanması təsadüfi görünmür. Burada qlobal miqyasda geosiyasi savaşın regional səviyyədə kəsb etdiyi konkret məzmun önə çıxmış olur. Lakin Mərkəzi Asiya başlanğıc deyil, əksinə, bu, siyasətdə son dayanacaqdır. Başlanğıc isə London-Kiyev-Minsk xəttində axtarılır.

Bəli, ekspertlər hesab edirlər ki, qlobal geosiyasi konfiqurasiyada M.Pompeonun postsovet məkanına səfərini Londondan başlaması adi hadisə deyil. Niyə Paris və ya Berlin, Brüssel deyil, məhz London? Belə görünür ki, bütövlükdə Avrasiya məkanında Vaşinqton Böyük Britaniya ilə birgə siyasət yeritməyə hazırlaşır. Bu isə qlobal geosiyasətdə həm transatlantik məkanın statusunu, həm də Avropa İttifaqının Amerika üçün geosiyasi qiymətinin aşağı düşməsini ifadə etməkdədir. Vaşinqton konkret olaraq Londonla işləyəcək. Bunu "Breksit"in ilk qlobal geosiyasi nəticəsi saya bilərik.

Beləliklə, M.Pompeo Kiyev və Minskə Londondan gəlib. Ukrayna və Belarusla aparılan danışıqlarda bütün hallarda Rusiya faktoru mərkəzdə dayanıb. Belarusa qaz vədinin verilməsi, Ukraynaya böyük miqdarda yardıma söz verilməsi və onun da təqribən yarısının hərbi sahə üçün nəzərdə tutulması, ölkənin ərazi bütövlüyünün dəstəklənməsi bununla bağlıdır. Bunları Moskvada anlayır və həmin səbəbdən də Belarusun ABŞ-la əlaqələri inkişaf etdirmək xəttinə qıcıqlanıblar. Bir sıra rusiyalı ekspertlər hətta Aleksandr Lukaşenkonu xəyanətdə suçlayıb. Belarusla Amerika arasında diplomatik münasibətlərin bərpasına həssas yanaşılıb. Ancaq bütün hallarda ABŞ-ın Belarusu Rusiyadan ayıra bilməyəcəyi proqnozlaşdırılır. Bunların fonunda Minsklə Moskvanın qaz məsələsində anlaşa bilməməsini ekspertlər müsbət qiymətləndirmirlər.

Göründüyü kimi, M.Pompeonun dörd postsovet məkanı ölkəsinə səfəri birbaşa qlobal geosiyasi proseslərlə əlaqəlidir. Bu səfərə qlobal prizmadan nəzər salınmasa, konkret nəticələrini anlamaq çətin olar. Həmin dörd dövlətin Rusiya ilə münasibətləri mənzərəsinə ayrıca baxdıqda, bu məqam daha aydın özünü göstərir. Belə ki, Ukrayna Rusiya ilə birbaşa və açıq münaqişədədir. Belarus və Qazaxıstan Rusiyanın KTMT və Aİİ-də müttəfiqidirlər. Əlavə olaraq Belarusla ittifaq dövlətindədir. Qazaxıstan və Özbəkistan ŞƏT-də Çin və Rusiya ilə tərəfdaş ölkələrdir. "Yeni İpək Yolu" layihəsinin iştirakçılarıdırlar. Özbəkistan Rusiya və Çinlə əlaqələri genişləndirməkdədir.

Bu cür fərqli və oxşar cəhətlərə malik mürəkkəb münasibətlər sistemində Amerika həmin dörd ölkə ilə əlaqələri necə sinxronlaşdıra bilər? Onlarla əməkdaşlıq hansı aspektlərdə Amerikaya real nəticələr verə bilər? Və bu baş versə, ABŞ-Çin-Rusiya geosiyasi üçbucağında hansı tendensiyalar özünü göstərə bilər? Bu kimi suallara mövzuya aid növbəti yazıda cavab verməyə çalışacağıq.

Milli.Az