Britaniya hökuməti immiqrantlara nəzarəti gücləndirir

19 Fevral 2020 23:27

Britaniya hökuməti ingilis dilini bilməyən və müəyyən peşə sahəsi üzrə mütəxəssis olmayan şəxslərin ölkəyə köçmələrinin qarşısını alacaq hüquqi mexanizm hazırlayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Britaniya hökuməti bu sahədə nəzarəti gücləndirməyi planlaşdırır. Bildirilir ki, müvafiq istehsal sahələri ilə yanaşı, otel, kafe və restoran kimi xidmət sahələrində də qanunla tələb olunan səviyyədə dil biliyi olmayan immiqrantların əmək fəaliyyəti qadağan ediləcək.

Hökumətin bu qərarı birmənalı qarşılanmayıb. Belə ki, bir çox istehsal sahələrinin rəhbərləri həyata keçiriləcək nəzarət mexanizmin bəzi maneələrə səbəb olacağını deyirlər. Britaniya Sənaye Konfederasiyasının rəhbəri Karolin Fairbairn açıqlamasında bildirib ki, sahibkarlar işçi qüvvəsi tapmaqda çətinlik çəkəcəklər. Faktiki olaraq boş qalan iş yerlərinə lazımi hazırlıq səviyyəsi olan işçilərin cəlb edilməsi ilə bağlı ciddi narahatlıq yaranıb.

Milli.Az