Şimali Makedoniya parlamenti buraxıldı

17 Fevral 2020 08:33

Şimali Makedoniya məclisinin (bir palatalı parlament) tərkibi respublikada 12 aprel tarixinə təyin edilmiş növbədənkənar parlament seçkiləri ərəfəsində buraxıldı.

Trend-in məlumatına görə, bu barədə yerli "Sitel" telekanalı xəbər yayıb.

Ölkənin qanunverici orqanının buraxılması barədə qərarın lehinə 120 deputatdan 108-i səs verib.

Hazırda respublikada cari ilin yanvar ayının əvvəlində yaradılan müvəqqəti hökumət fəaliyyət göstərir. Nazirlər Kabineti növbədənkənar parlament seçkilərinin nəticələri məlum olandan sonra yeni kabinetin formalaşmasına qədər 100 gün müddətində hakimiyyətdə olacaq.

Qeyd edək ki, 17-18 oktyabr 2019-cu il tarixində Aİ sammitindəki uzun müzakirələrdən sonra Avropa Birliyinin dövlət və hökumət başçıları Albaniya və Şimali Makedoniyanın birliyə qəbulu ilə bağlı danışıqların başlaması barədə qərar verə bilməyiblər. Danışıqların başlamasına Fransa mane olub.

Milli.Az