Cənubi Koreyaya sığınan KXDR-in sabiq diplomatı parlament seçkilərinə hazırlaşır

17 Fevral 2020 06:30

Koreya Xalq Demokratik Respublikasının (KXDR) sabiq diplomatı apreldə Cənubi Koreyada keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, KXDR-in Böyük Britaniyadakı səfirinin müavini vəzifəsində çalışarkən 2016-cı ildə Cənubi Koreyaya sığınan Te Yon-ho parlament seçkilərində başqa adla namizəd olmağı planlaşdırıb. O, Şimali Koreyanın təqiblərindən yayınmaq üçün başqa adla seçkiyə qatılmaq qərarına gəlib.

Cənubi Koreyaya sığınandan sonra ictimai işlərdə fəallıq göstərən Te Yon-ho Milli Assambleyaya keçiriləcək seçkilərdə iştirak etmək üçün fevralın əvvəlində ölkənin əsas müxalif qüvvəsi olan Koreya Azadlıq Partiyasına qoşulub. Te Yon-ho parlamentə seçilmək niyyətinin sülhə, Koreyanın birləşməsinə, cəmiyyətin inkişafına və tərəqqisinə xidmət etdiyini deyib.

Qeyd edək ki, 2018-ci ilin sonuna olan statistikaya əsasən, Şimaldan qaçaraq Cənubi Koreyaya sığınanların sayı 32,3 min nəfər olub.

Milli.Az