Aydın Quliyev: Dövlət başçısı Paşinyanı Minsk Qrupu həmsədrləri və dünya gücləri qarşısında çıxılmaz duruma saldı

16 Fevral 2020 20:08

Münxen Təhlükəsizlik Konfransınin 2020-ci il mərhələsi beynəlxalq münasibətlər tarixində Azərbaycan həqiqətlərinin parlaq nümayiş və tanınma səhnəsi kimi qalacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağa dair Prezident İlham Əliyevlə Paşinyanın iştirak etdiyi panel müzakirədə Azərbaycan liderinin mövqeyinin üstünlüyü bütün parametrlər üzrə özünü göstərdi:

"Dağlıq Qarabağ probleminin tarixi, hazırkı mahiyyəti və ən optimal həlli yollarını əhatə edən arqumentlərdə Azərbaycan lideri Ermənistanın baş nazirini sözün həqiqi mənasında dalana tulladı. Paneldə iştirakçıların diqqətini cəlb etmək nöqteyi-nəzərindən də Azərbaycan prezidentinin mövqeyi və məntiqi bənzərsiz oldu. Prezident İlham Əliyevdən fərqli olaraq Nikol Paşinyanın publika qarşısında büruzə verdiyi narahatlıq problemin mahiyyəti barədə onun yarımçıq biliklərə malik olduğunu və Ermənistanın təcavüzkar tərəf olduğunu gizlədə bilməməsini göstərdi. Paşinyanın mülahizələrinin hamının bildiyi təcavüzə uğursuz haqq qazandırmaq cəhdlərindən başqa bir şey olmadığını hər kəs gördü. Münxen paneli Dağlıq Qarabağ münaqişəsi başlayandan indiyədək Ermənistanın diplomatik və hüquqi müstəvidə ən maraqlı aşkar iflas səhnələrindən biri oldu. Prezident İlham Əliyev Dağlıq Qarabağın hüquqi cəhətdən Azərbaycana məxsus olmasını bütün dünyaya bir daha nümayiş etdirdi".

A. Quliyev bildirib ki, Paşinyan debatda sülh prosesinə hər hansı töhfəni vermək yox, erməni cəmiyyətinin millətçi və təcavüzkar kəsiminin hisslərinə uyğun davranışını gizlədə bilmədi: "Paşinyan dünya ictimaiyyətinin nəzərində növbəti dəfə yalan danışdı. Azərbaycan Prezidenti debatda Paşinyanın bir yalanını da cavabsız buraxmadı. Üstəlik dövlət başçısı Paşinyanın həm özünün, həm də sələflərinin Dağlıq Qarabağ problemi barədə yalanlarını və pozucu-təxribat səylərini ifşa etdi. Həmçinin Ayaz Mütəllibovun dilindən uydurulmuş yalanı ifşa etdi və Xocalı faciəsinin azərbaycanlıların özləri tərəfindən törədildiyi barədə Paşinyanın yalanını onun üzünə "riyakarlıq"adlandlrdı.

Ən maraqlı məqamlardan biri o oldu ku, Paşinyan ancaq məlum yalanları və əsassız iddialarını sadəcə təkrarladığı halda Azərbaycan lideri dünyaya, öz xalqına və erməni xalqına real ismarışlar verdi. Prezident İlham Əliyevin "Ermənistan əsgərləri torpaqlarımızda həmişəlik qala bilməyəcəklər" bəyanatı Azərbaycan xalqını qələbəyə toparlayan təsir gücünə malikdir. Prezident İlham Əliyevin "erməni xalqı Azərbaycanla həmişə düşmən münasibətdə yaşaya bilməz" fikri Paşinyanın öz daxili auditoriyasına hesabladığı söz oyunlarını tam zərərsizləşdirdi".

Ekspert bildirib ki, debatın maraqlı tərəflərindən biri də dövlət başçısının Paşinyanı Minsk Qrupu həmsədrləri və dünya gücləri qarşısında çıxılmaz duruma salması oldu:

"Prezident İlham Əliyev dünya ictimaiyyətini Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına məcbur etməyə çağırdı. Dövlət başçısı Paşinyanla debatda aşkar nümayiş etdirdiyi hərtərəfli üstünlüklərlə əslində sülh prosesinin yeni mərhələsinin əsasını qoydu".

Milli.Az