Qırğızıstanda həbs edilən azərbaycanlı iş adamının qardaşı danışdı

17 Aprel 2010 13:16
Bu barədə məlumatı ANS televiziyasına Vüqar Xəlilovun qardaşı Azər Xəlilov verib. O, qardaşının Qırğızıstanda PR şirkətlərindən birinin rəhbəri kimi fəaliyyət göstərdiyini bildirib. Azər Xəlilovun sözlərinə görə, Böyük Britaniya və Azərbaycanın Qırğızıstandakı səfirliklərinin məsələyə qarışması da heç bir nəticə verməyib: "Böyük Britaniyanın Qazaxıstandakı və Qırğızıstandakı səfirliklərinin məsələ ilə bağlı müraciətlərinə hələ rəsmi cavab verilməyib. Aprelin 12-dən etibarən Vüqar Xəlilovla görüşmək imkanı verilmir. Hazırda vəkil onunla görüş imkanı əldə etmək üçün danışıqlar aparır".

Azər Xəlilovun sözlərinə görə, qardaşının agentliyi kifayət qədər tanınıb. "Onun müştəriləri arasında Qırğızıstanda və Mərkəzi Asiyada fəaliyyət göstərən şırkətlər var idi".

V.Xəlilov Bişkekdə Milli Təhlükəsizlik Xidmətinin baş qərargahında saxlanılır. Azərbaycanlının həbsi xəbərini Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlqar Cabbarov da təsdiqləyib və araşdırmalar aparıldığını deyib.

İlkin ehtimala görə, Vüqar Xəlilov Maksim Bakiyevlə əlaqələrinə görə həbs edilib. Azərbaycan səfirliyinin müşaviri bildirib ki, hazırda Vüqar Xəlilovun hansı əsaslarla həbs olunması və Maksim Bakiyevlə əlaqələri, eləcə də onun tərəfdarları sırasında olması ilə bağlı məlumatlar araşdırılır.

Qeyd edək ki, Qırğızıstanın istefa vermiş prezidentinin kiçik oğlu Maksim Bakiyev İnvestisiya və İnnovasiyaların inkişafı üzrə Agentliyə rəhbərlik edib.

Milli.Az