Fərid Mustafayev: "Finalda təsnifat mərhələsindən daha yaxşı çıxış etməyə çalışacağam"

15 Fevral 2020 12:37

"Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda finala çıxmış Azərbaycan gimnastı Fərid Mustafayev öz çıxışından razı qalıb".

Milli.Az xəbər verir ki, bunu gimnast özü Trend-ə müsahibəsində deyib.

O bildirib ki, Dünya Kubokunda ilk dəfə çıxış edib:

"Yarış çox gözəl keçdi. Mənim iki cəhdim oldu, hər ikisini normal icra etdim, birincisi bir qədər çətin idi, onu tam yerinə yetirə bilmədim. Amma ümumilikdə çıxışdan razıyam".

Gimnast əlavə edib ki, final mərhələsində tapşırığını çətinləşdirməyi planlaşdırmır.

F.Mustafayev vurğulayıb ki, Dünya Kubokunda aralarında dünya çempionunun da olduğu məşhur idmançılarla yarışıb:

"Biz dostluq edirik, dostlar arasında isə çıxış etmək rahatdır. Bir qədər qorxu var ki, tapşırığı yerinə yetirə bilməyəcəyəm, amma bu barədə düşünməməyə çalışıram. Finalda öz proqramımı təsnifatdan daha yaxşı yerinə yetirməyə çalışacağam".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast - Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Milli.Az