“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir

14 Fevral 2020 21:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qara Qarayev adına Mərkəzi musiqi məktəbi ilə birlikdə 1-5 aprel 2020-ci il tarixlərində "SUNLIGHT WAY" Beynəlxalq Musiqi Müsabiqəsi keçirəcək.

Müsabiqənin əsas məqsədi klassik musiqi və folklorun geniş yayılması, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının, musiqi təhsilinin inkişaf etdirilməsi, uşaq yaradıcılıq kollektivlərinin ifaçılıq məharətinin yüksəldilməsi, müxtəlif milli mədəniyyətlərin birliyini təbliğ etməkdir.

Müsabiqədə solo və ansambllar iştirak edə bilərlər. 5 yaş qrupu üzrə keçirilən yarışma "Simli alətlər (solo)", "Nəfəs və zərb alətləri (solo)" nominasiyaları üzrə iki turda, "İnstrumental ansambllar (simli, nəfəs və ya simli və nəfəs alətlərindən ibarət qarışıq)" nominasiyasında isə bir turda olacaq.

Müsabiqədə 5 yaş qrupu üzrə keçirilir: I yaş qrupuna 7-11 yaş arası; II yaş qrupuna 12-15 yaş arası uşaqlar, II yaş qrupuna 16-19 yaş arası yeniyetmə və gənclər, IV yaş qrupuna 20-25 yaş arası gənclər, Ansambllar üçün nəzərdə tutulmuş qarışıq yaş qrupunda isə 7-25 yaş arası musiqiçilər iştirak edə bilərlər. Müsabiqədə iştirakçıların yaşı 15.03.2020-ci il tarixinə əsasən müəyyənləşdirilir.

Qalibləri diplom və hədiyyələr gözləyir. Qran-pri qaliblərinə, hər nominasiya üzrə 1 nəfər olmaqla - 500 manat, Birinci yer qaliblərinə isə, hər nominasiya üzrə 4 nəfər olmaqla - 300 manat pul mükafatının verilməsi nəzərdə tutulub.

Münsiflər tərəfindən seçilən müsabiqə iştirakçıları Qala-konsertdə çıxış edəcəklər.

Müsabiqədə iştirak etmək üçün qeydiyyat cari ilin martın 15-dək davam edir. Daha ətraflı məlumatı "SUNLIGHT WAY" Beynəlxalq Musiqi Müsabiqəsinin rəsmi internet səhifəsindən əldə edə bilərsiniz: http://sunlightway.az/index_az.html

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az