Qusarın ən qədim parkının qış mənzərələri FOTOREPORTAJ

14 Fevral 2020 23:16

Azərbaycanın şimalında, Qusar şəhərində yerləşən Nəriman Nərimanov adına mərkəzi mədəniyyət və istirahət parkı ölkədə ən qədim parklardan sayılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 1853-cü ildə yaradılan bu park on il sonra Azərbaycanın ən yaxşı parkı adına layiq görülüb.

Bu parkın əsas üstünlüyü onun zəngin florası və buradakı nəhəng ağaclardır. İsti aylarda yaşıl dona bürünən park qarlı qış günlərində də öz gözəlliyi ilə diqqət çəkir.

Ərazisi üç hektardan çox olan Qusar mədəniyyət və istirahət parkında palıd, şabalıd, fıstıq, göyrüş, cökə, çaytikanı, zoğal, alça, yemişan və s. ağaclar var. Parkda Azərbaycan yazıçısı, ictimai və siyasi xadim Nəriman Nərimanovun heykəli ucaldılıb. Buradakı Qəhrəmanlar Xiyabanında Qusar rayonunun sakini, Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyevin abidəsi qoyulub.

Qusarın ən gözəl istirahət məkanlarından olan Nəriman Nərimanov adına parkın qış mənzərələrini təqdim edirik.

Milli.Az