Bakıda keçirilən Dünya Kubokunda əla şərait yaradılıb - FIG üzvü

14 Fevral 2020 14:22

Azərbaycan Gimnastika Federasiyası xeyli sayda irimiqyaslı yarışlar keçirir və onlar həmişə yüksək səviyyədə təşkil olunur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının Batut gimnastikası üzrə texniki komitəsinin birinci vitse-prezidenti Nikolay Makarov deyib.

"Azərbaycanın Gimnastika Federasiyasında yaxşı komanda çalışır. Hər kəs öz işini yaxşı bilir. Onlara batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda da, gələcək yarışlarda da qələbə arzulayıram", - deyə o bildirib.

Nikolay Makarov Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun təşkilatı işlərini yüksək dəyərləndirib.

"Gözlənildiyi kimi, şərait əladır, məşq zalı isə çox yaxşıdır. İdmançılar üçün hər şey - rahat yaşayış şəraiti, nəqliyyat hazırdır. Bütün struktur "saat kimi" çalışır. Ümid edirəm, bu, yarışların nəticələrinə yaxşı təsir edəcək", - deyə N.Makarov əlavə edib.

O vurğulayıb ki, Bakıda keçirilən Dünya Kuboku lisenziya xarakteri daşıdığı üçün idmançılar üçün olduqca böyük əhəmiyyət daşıyır.

"Biz bilirik ki, Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya kuboklarına müxtəlif ölkələrdən çoxlu iştirakçı gəlir. Hamı lisenziya almaqda maraqlıdır və buna görə də yarışları izləmək çox maraqlı olacaq", - deyə N.Makarov bildirib.

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 15-16-da Bakıda baş tutacaq.

30 ölkənin 150-dək gimnastının mübarizə aparacağı builki turnir 2020-ci Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast - Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.

Milli.Az