Azərbaycanda 16 avtovağzal bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb

14 Fevral 2020 11:04

Ölkədə qanunsuz fəaliyyət göstərən avtovağzallar sərnişinlərin həyatı üçün təhlükəlidir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, 16 qanunsuz fəaliyyət göstərən avtovağzallar mövcuddur:

"Avtovağzallar və avtostansiyalar haqqında əsasnamələr mövcuddur və bu əsanaməyə uyğun olaraq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ölkədə fəaliyyət göstərən və müstəqil olan avtovağzalların hər birinə rəsmi fəaliyyət göstərmək üçün pasport təqdim edir. Bu sənəd avtobusların dayanması, giriş-çıxış nöqtəsinin təyin olunması və avtovağzal ərazisində olan kassaların qanuni fəaliyyət göstərməsi üçün nəzərdə tutulub. Təbii ki, bu pasportlarda müəyyən kriteriyalar var. Avtovağzallar və avtostansiya kompleksləri həmin o əsasnaməyə uyğun şəkildə, infrastrukturla təmin olunmalı, vətəndaşlar hər cür şərait yaradılmalı, kassadan biletlərin alınması təmin olunmalı və bu kimi bir çox işlər görülməlidir".

N.Allahyarova qeyd edib ki, ölkədəki 56 avtovağzal və avtostansiya kompleksindən 16-sı tərəfimizdən pasportlarla təmin olunmayıb:

"Səbəb isə odur ki, həmin avtovağzallar pasportlar əldə etməyiblər. Buna görə də, DANX olaraq biz həmin avtovağzal və avtostansiya komplekslərinə bildiririk ki, əgər onlar bu şəkildə davam edərlərsə, cərimələnəcəklər. İlkin olaraq bu cərimə 1500 manat olacaq, ancaq onlar bilsinlər ki, bununla işlər yekunlaşmayacaq. Cərimədən sonra da, rəsmi sənəd əldə etməsələr, fəaliyyətlərinə xitam veriləcək".

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hazırda sözügedən 16 kompleksin 10-unda pasportun təmin olunması ilə bağlı işlər görülür, artıq danışıqlar başlanılıb. Digər 6 avtovağzala isə ciddi xəbərdarlıq olunub.

Milli.Az