"Azərbaycan elmi tədqiqat institutlarının yaratdığı yeni növ sortlar xarici sortlarla müqayisədə quraqlığa daha davamlıdır və rəqabətqabiliyyətlidir".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirib.
E.Allahverdiyev yeni sortlardan danışarkən qeyd edib ki, artıq kartofun 4 yeni sortu bazarlarda satılır:
"Azərbaycanın kartofun istehlak səbəti 1 milyon ton təşkil edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə milli kartofçuluq sistemi adlı layihəmiz həyata keçirilir. Məqsədimiz bu istiqamətdə yerli toxumçuluq sistemini daha da təkmilləşdirməkdir".
E.Allahverdiyev bildirib ki, hazırda Azərbaycan xaricə faraş kartof ixrac edir: "Hazırda Azərbaycan xaricə yüksək keyfiyyətli faraş kartof ixrac edir və bu da əsasən Rusiyaya göndərilir. Bu kartofun ixracı da fermerə sərf edir, ona görə ki, faraş kartof əsasən aprel ayında, yəni adi sortlardan daha tez yığılır. Həmin vaxt isə Rusiyada kartof baha qiymətə satılır. Adi kartof sortları isə yay aylarında yığılaraq xaricə ixrac edilir ki, həmin vaxtlarda kartofun qiyməti ucuz olur".
Milli.Az