Muzeydə 900 il yaşı olan tütək saxlanılır - Azərbaycanda

12 Fevral 2020 07:28

Salyandakı Tarix-Diyarşünaslıq Muzeyində gildən hazırlanan qədim tütək saxlanılır. Tədqiqatçıların fikrincə, həmin tütək ən azı 900 il bundan əvvəl hazırlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu maddi-mədəniyyət nümunəsi ötən əsrin 80-ci illərində rayon ərazisindəki Marışlı, Noxudlu və Qırxçıraq qədim yaşayış məskənlərində arxeoloji qazıntılar aparılarkən tapılıb.

Qədim musiqi aləti muzeydə toplanan 10 mindən çox eksponatın demək olar ki, ən kiçiyidir. Onun uzunluğu 6 santimetrə yaxındır.

İlk baxışdan müasir tütəklərdən fərqlənsə də, ifa zamanı bu alət yenilərindən heç də geri qalmır. Nəfəsli alətlərin ifaçısı Mirağa Abdullayev bildirib ki, qədim gil-tütəyin müasir zurna, balaban və tütəkdən fərqi onun ikinci notunun olmasıdır. Bu da ifa zamanı bəzi çətinliklər yaradır. Bu aləti səsləndirmək üçün bacarıqla yanaşı, gərək musiqi duyumun da ola.

Milli.Az