Politoloq: "ATƏT DTİHB, sadəcə, qoyulan tapşırığı yerinə yetirir"

11 Fevral 2020 12:57

ATƏT-in Demokratik Təşkilatlar və İnsan Haqları Bürosunun (DTİHB) səsləndirdiyi rəy və bəyanatlar nəinki obyektiv deyil, həm də reallıqla heç bir əlaqəsi yoxdur.

Milli.Az xəbər verir ki, bunu Trend-ə "PolitRUS" ekspert-təhlil şəbəkəsinin təsisçisi Vitali Arkov deyib.

Onun sözlərinə görə, bu, Avropa strukturları tərəfindən Azərbaycan rəhbərliyinə çoxsaylı təzyiq cəhdlərindən biridir, belə ki, ATƏT DTİHB-nin hesabatında qeyd olunan xırda pozuntular sırf texniki xarakter daşıyır və səsvermənin nəticələrinə heç cür təsir göstərməyib:

"Qeyd etmək lazımdır ki, özlərinin anti-Azərbaycan ritorikasında bu strukturlar müstəqil deyil, onlar qoyulan tapşırığı yerinə yetirir. Azərbaycanı qonşu dövlət tərəfindən işğal olunmuş ərazilərini qaytarmaq niyyətinə, müstəqil xarici siyasət yürütmək və öz tarixi müttəfiq ölkələri - Rusiya, İran və Türkiyəyə qarşı Qərb kampaniyasında iştirak etmədiyinə görə cəzalandırmaq tapşırığı var".

Politoloqun fikrincə, Azərbaycan ildən-ilə ən güclü dövlətlərin reytinqində yüksək mövqelər tutur:

"Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən irimiqyaslı iqtisadi və siyasi islahatlar Azərbaycana inkişafın yeni mərhələsinə çıxmağa, regionda öz liderliyini möhkəmləndirməyə imkan verəcək".

V.Arkov onu da əlavə edib ki, müxalifət nümayəndələrinin gözləntilərinin əksinə olaraq, ATƏT DTİHB istisna olmaqla bütün beynəlxalq müşahidəçilər Azərbaycanda seçkilərin yüksək səviyyədə keçdiyini yekdilliklə bildirib:

"Müxalifət nümayəndələrinin sadəlövh gözləntilərinə baxmayaraq, beynəlxalq müşahidə missiyasının hesabatı onları güclü məyus etdi. Onlar Azərbaycandakı seçkinin nəticələrini və demokratiyanı şübhə altına ala bilmədilər. Öz siyasi gücsüzlüklərinə haqq qazandırmaq niyyətində olan müəyyən dairələrin proqnozlarının əksinə olaraq ciddi pozuntular qeydə alınmadı. Tam əksinə, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Müxalifət nümayəndələri onlar üçün ənənəvi üsullar, sosial şəbəkələrdə videoçarxları yaymaq və mənfi, heç bir əsası olmayan şərhlər yazmaqla kifayətləndilər. Bu da müxalifətin siyasi kifayətsizliyi və rəqabət apara bilməməyini göstərir".

Milli.Az