Azərbaycan dramaturqunun komediyası Böyük Britaniyada təqdim olunub - FOTO
17 Aprel 2010 12:15
Avropa Azərbaycan Cəmiyyətinin məlumatına görə, Mirzə Fətəli Axundovun "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukünü-məşhur" komediyasının təqdim olunduğu gecənin aparıcısı "Gruntlers" incəsənətlər qrupunun həmtəsisçisi və əsərin tərcüməçisi Sənan Əliyev olub. Britaniyalı şair Devid Perri deyib ki, o, Axundov kimi dahi dramaturqun əsərini Avropaya tanitmaqdan şərəf hissi duyur. Tədbirin sonunda Azərbaycan musiqisi səsləndirilib. Bu mədəni mübadilə gecəsinin təşkilinə dəstək Avropa Azərbaycan Cəmiyyəti, Britaniyadakı Azərbaycan səfirliyi və Kaspian-Xəzri Cəmiyyəti tərəfindən verilib.
Londondakı Azərbaycan evinin sədri Ali Ataların sözlərinə görə, "Gruntlers" incəsənətlər qrupu Azərbaycan və Avropa arasında körpünü daha da möhkəmləndirmək üçün digər Azərbaycan yazıçılarını təqdim etmək niyyətindədir.
Avropa Azərbaycan Cəmiyyətinin məlumatında deyilir ki, əsərin ilk nəşri Britaniya kitabxanası, Birləşmiş Krallığın beş milli müəlliflik hüququ kitabxanası, Cənubi Bank Poeziya Kitabxanası və Azərbaycan Milli Kitabxanasına bağışlanacaq. Oxucular kitabı "Gruntlers" incəsənətlər qrupundan əldə edə biləcəklər.