Həvəskarlar dərnəyindən böyük səhnəyə

12 Fevral 2020 05:30

O, 60 il sənət üçün yaşayıb, səhnəni sevib

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Onu sənət dünyasının əbədiyaşar sənətkarı adlandırırlar. Xalq artisti Möhsün Sənani milli aktyorluq sənətimizin, teatr və kinomuzun inkişafına layiqli töhfələr verib. Möhsün Sənani geniş yaradıcılıq imkanlarına malik aktyor kimi seçilib. Onu xalqa sevdirən bənzərsiz sənətkarlığı, fitri istedadı ilə yanaşı, gənc nəslə daim qayğı ilə yanaşması olub.
 
Möhsün Sənani 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində anadan olub. Sənani onun təxəllüsüdür, əsl soyadı Cəfərovdur. Erkən yaşında ata-anasını itirən M.Sənani nənəsinin himayəsində qalıb. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə yazdırır. Məqsədi onu mollalığa hazırlamaq və gələcəkdə atası kimi mərsiyəxan etmək idi. Lakin nə Möhsün mədrəsəni oxuyub başa çatdıra bilir, nə də nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edəndən sonra xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət, xalq artisti Əli Qurbanovun anasıdır. O, Möhsünü öz uşaqlarından çox istəyir və təhsili ilə şəxsən özü məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. Onun özünün ailə üzvləri də çox idi. Buna baxmayaraq, Zinyət ana Möhsünə də, onun bacısına da doğma övladı kimi qayğı göstərir. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına yük olduğunu başa düşərək, işləmək və ailəyə kömək etmək qərarına gəlir. Beləliklə, Şeytanbazarda hər cür əzab-əziyyətə qatlaşaraq işləyir. Gəncdə səhnə həvəsi yeniyetmə vaxtlarında yaranır. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxır. Həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Gənc, bu yolla özünün oxumaq qabiliyyətini inkişaf etdirir. 1911-ci ildə ilk dəfə geniş tamaşaçı qarşısına çıxır. Bərk həyəcan keçirsə də, çıxışı tamaşaçılara yaxşı təsir bağışlayır. 1912-ci ildə M.Sənani həvəskarlar dərnəyinə qoşulur.
 
İlk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin komik aktyoru Mirzəxan Quliyev olur. Mirzəli Abbasov, Mustafa Mərdanov və İbrahim İsfahanlı kimi aktyorlar onun istedadına hörmətlə yanaşırlar. Bu münasibət Möhsünün səhnəyə olan həvəsini daha da artırır. Möhsünün bu sənətinə paxıllıq edən və onun həvəsini söndürmək istəyənlər atası Molla Sadığın dostları idi. Bununla belə, Möhsünü sevənlər çox idi. İşsiz qalmış Möhsünü gürcü dostunun atası "Vano dayı" tramvay parkında işə düzəldir. O, burada aldığı maaşla özünü, bacısını təmin etməklə yanaşı, xalasının da vəziyyətini yüngülləşdirirdi.
 
Dövrünün ziyalı və tanınmış adamları Tiflisdə yaradılmış teatr dərnək və cəmiyyətlərinə yardım olaraq tez-tez müşavirələr keçirərdilər. Belə müşavirələr Mustafa Mərdanovun atası Hacı Həşim Mərdanovun bəzzaz dükanında olurdu. Gürcüstanın mütərəqqi fikirli xadimləri və maarifpərvər azərbaycanlı ziyalılar bu teatra və aktyorlara bina xərclərini ödəmək və tamaşaları təşkil etmək işində səmərəli yardım göstərirdilər. Nəriman Nərimanov, Əli Tağızadə, Əşrəf Yüzbaşıyev, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov və Mərdanov qardaşları teatr sənətinin tərəfdarları və təbliğatçıları olublar.
 
1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış "Kaveyi-Ahəngər" tamaşasında Möhsünə dəmirçi Kavənin oğlu rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, Möhsün bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur. Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Bunlardan Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və b. ona dəstək olurlar. Möhsün Sənani onların arasında ən gənc aktyor idi. Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın Mal Alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi rollar tapşırılır. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır.
 
Bu teatrın yetirmələrinin Azərbaycan aktyorluq məktəbinin formalaşmasında böyük rolu olub. İlk addımlarını bu teatrda atan aktyorlar sonralar Bakıya gəlib, burada sənət yollarını davam etdiriblər. Onlardan biri də Möhsün Sənani olub. O, 1941-ci ildə Bakıya gəlir və böyük sənət məbədində - Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayır. Aktyor bu teatrın səhnəsində tezliklə məşhurlaşır, xalqın sevimlisinə çevrilir. Özünə qarşı həmişə məsuliyyətli olan aktyorun, Səməd Vurğunun "Vaqif " pyesində Eldar obrazı çox yaxşı qarşılanır. Sənətşünaslar qeyd edirlər ki, onun oynadığı Eldar sonradan ifa edilənlərdən olduqca fərqli olub.
 
Görkəmli sənətkarın oğlu Valid Sənani danışıb: "Həmişə bizi sakitliyə, dava-dalaş salmamağa çağırıb-çalışan, bir küçə insidentimizi eşidəndə zəhmli-zəhmli göz ağardan atam, bir gün mənə dedi: "Sənin ağıllı, əliaçıq olmağın haqda eşitdiklərim qulaqlarımı yağır edib, bəs nə vaxt bir qoçaqlıq edəcək, evdən qıraqda "ov ovlayıb, quş quşlayacaqsan?" Bu dəqiqə dur get, kür-küçəmizdə nə qədər davakar, xatakar uşaq var, hamısını yığ gətir bu məhəlləyə". Mən son aylar atamın "Koroğlu", "Qaçaq Nəbi" və s. dastanları oxumasından, bəzən mənə oxutdurmasından şübhələnmişdim, bilirdim ki, o, "Vaqif" pyesindəki xalq qəhrəmanı Eldarı oynamağa hazırlaşır. Onun dediyi kimi etdim. Məhəlləmizin ən savaşqan uşaqlarını pəncərəmiz önünə yığıb aralarına bir "lo" saldım ki, gəl görəsən! Uşaqlar mənə "Qoçu Əsgər"in oğlu kimi güzəşt edir, bəzən hətta mənim balaca yumruqlarımın "şəbeh-qurban"ına çevrilirdilər. Sonralar duydum ki, onlardan Tofiq adlı birisinin amiranə səsi, ətrafındakıların diqqətini cəzbetmə jestləri, atamın özünün də etiraf etdiyinə görə, sabahısı gün premyerası olan "Vaqif"dəki qəhrəman Eldara - Möhsün Sənaniyə çox elementlər təlqin etmişdi".
 
Həmin obrazla bağlı daha bir xatirə var: "Bir gün Möhsün Sənani xəstələnir və həmin rolu sonralar məşhur "Qaynana" operettasının libretto müəllifi Məcid Şamxalov oynamalı olur. Hər şey qaydasında getsə də, damarlarında qanı da məzə-məzhəkə ilə axan Məcid-Eldar kütləvi səhnə məqamı çıxıb qəhrəmanlıq monoloqu söylədiyi maili "tribuna"nın 2 metrliyindən yox, 1 metrliyindən yerə atılır. Növbəti yaradıcılıq müzakirəsində rejissor bunu Məcid Şamxalova irad tutur, bir də belə "özfəaliyyət"ə yol verərsə, onu işdən çıxara biləcəyilə hədələyir. Məsələyə qarışan Möhsün Sənani "Qardaş, mənim maaşım 200 manatdır, Məcidinki 100 manat. Yazıq uşaqdan nə istəyirsiniz, fağır yarımştat tullanıb də" deyərək, bu səhnə "kriminal"ına özünəməxsus münasibət bildirir qızmış əsəblərə su səpir...
Aktyor "Göz həkimi" tamaşasındakı sürücü Həsənağa rolunu da peşəkarlıqla oynayıb. Ümumiyyətlə, onun oynadığı rollarda bir şirinlik olub. Daima tamaşaçını gərgin vəziyyətdə saxlayıb və ona bolluca gülüş bəxş edib.
 
Möhsün Sənani teatrla yanaşı milli kinomuzun da aparıcı aktyorlarından olub. Çəkildiyi filmlərdə müxtəlif xarakterli obrazlara ekran həyatı verib. Onun çəkildiyi "İsmət", "Kölgələr sürünür", "Dağlarda döyüş", "Koroğlu", "Sehirli xalat", "Kəndlilər" və digər filmlərə tamaşa edənlər bu aktyorun yüksək istedada malik olduğunu bir daha təsdiq edə bilər. O, "Kəndlilər" filmində Eldar obrazını yaradıb. "O olmasın, bu olsun" filmində aktyorun qoçu Əsgər obrazı isə onun kino yaradıcılığında əsas rollarından sayılır. Hətta aktyorun adı çəkiləndə hamı bu rolu xatırlayır və üzlərə təbəssüm qonur. "Bir məhəlləli iki oğlan", "Qızmar günəş altında" filmlərində də o, yaddaqalan rollar oynayıb.
 
"Dağlarda döyüş" filmindəki Qəmbər rolu onun kino yaradıcılığında əhəmiyyətli yer tutur. O, öz qəhrəmanının ən kiçik xarakterik cizgilərini belə ustalıqla oynayır. Tamaşaçı onun ifasından həqiqətən razı qalır və həzz alır. Möhsün Sənani həyatının 60 ilini Azərbaycan səhnəsinə və kino sənətinə həsr edib. O, səhnə üçün yaşayıb, səhnəni sevib, həyatını onun inkişafına həsr edib.
 
Sənətkarın qızı Gülər Möhsünqızı böyük aktyorun son günlərini belə xatırlayıb: "Atam teatrdan ayrıldıqdan sonra daim evdə olurdu. Görmə qabiliyyətini itirdikdən sonra çölə çıxmadı, hərəkət etmədi. Atam özünə çox baxan insan olub, yeməyi az yeyərdi, eyni çəkidə qalardı. Amma evdə oturduqdan sonra kökəlməyə və ağırlaşmağa, səhhəti dəyişməyə, təzyiqi qalxmağa başladı. Yadıma düşür ki, axırıncı dəfə xəstəxanaya yüksək təzyiqlə apardıq. Teatrdan, yoldaşlarından ayrı düşdüyünə görə çox həyəcan keçirirdi. Xəstəxanada iki dəfə infarkt keçirmişdi. Həkim mənə dedi ki, ürəyi parçalanıb. Xəstəxanada olan adamın gözü həmişə yolda olur. Yanına çox adam gəlirdi Bilirdim ki, artıq atamın son günləridir. Hər dəqiqə xəstəxanada atamın yanında olurdum".
Görkəmli sənətkar 11 fevral 1981-ci ildə Bakıda vəfat edib.

Milli.Az