“Könüllülər ili” çərçivəsində Baş Prokurorluqda gənclərlə görüş keçirilib - FOTO

7 Fevral 2020 19:05

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və praktik biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə prokurorluq orqanlarına könüllülərin cəlb olunması ilə bağlı tədbirlər həyata keçirilməkdədir.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, belə tədbirlərin davamı kimi, fevralın 7-də Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində "Könüllülər ili" və 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə 100-dən çox gənc əməkdaşlar və ictimai köməkçilər - könüllülərlə görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Sonra milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət orqanlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı "Qaynar xətt" əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi, vətəndaşların qəbulu otağı ilə yaxından tanış olublar.

Tədbir zamanı "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış dövlət gənclər siyasətinə həsr olunan video-çarx nümayiş etdirilib.

Görüşdə giriş nitqi ilə çıxış edən Baş prokurorun müavini Namiq Əsgərov diqqətə çatdırıb ki, ölkəmizdə həyata keçirilən sosialyönümlü dövlət siyasətinin və geniş islahatlar proqramının əhəmiyyətli nəticələrinin məntiqi davamı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə "Könüllü fəaliyyət haqqında" Qanunun qəbulu, dövlət başçısının imzaladığı Sərəncamlarla "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı və 2020-ci ilin respublikamızda "Könüllülər ili" elan edilməsi bir sıra orqan və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında, "ASAN Könüllüləri" şəbəkəsində könüllülərdən ibarət kollektivlərin formalaşdırılması gənclərin ictimai-siyasi fəaliyyətə cəlb edilməsi istiqamətində görülən əhəmiyyətli işlərin göstəricisi, ölkədə həyata keçirilən uğurlu gənclər siyasətinin təzahürü olub.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və şəxsən iştirakı ilə 1996-cı il fevralın 2-də keçirilmiş respublika gənclərinin ilk Forumunu xatırladan Namiq Əsgərov ulu öndər tərəfindən imzalanmış qanun, fərman, sərəncam və dövlət proqramlarında gənclərə göstərilən xüsusi diqqət və qayğının yer aldığını bildirib.

Bu gün gənclər siyasətinin dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqəti və qayğısı sayəsində ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin önəmli tərkib hissəsi olaraq dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrildiyini diqqətə çatdıran Baş prokurorun müavini, gənclərin sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakının təmin edildiyini, gənclərin potensialından daha geniş istifadə edilməsinin ölkəmizdə aparılan sosialyönümlü siyasətin prioritet istiqamətlərindən irəli gəldiyini vurğulayıb.

Xüsusi qeyd edilib ki, könüllülər hərəkati tam əksəriyyət etibarı ilə gənclərdən ibarət olmaqla onlar öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1" yarışları, IV İslam Həmrəyliyi Oyunları və digər irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.

Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin təzahürlərindən biri də gənclərin dövlət orqanlarına işə qəbulunun müsabiqə yolu ilə tam aşkarlıq şəraitində şəffaf prosedurlarla aparılmasıdır. Prezident cənab İlham Əliyevin qarşımızda müəyyənləşdirdiyi, prokurorluq orqanlarında dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik gənclər hesabına yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması məsələlərinə xüsusi diqqət yetirilməklə 2002-ci ildən başlayaraq Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilmiş 20 müsabiqə nəticəsində işə qəbul olunmuş 902 gənc hüquqşünas hazırda prokurorluq işçilərinin 70 faizini təşkil edir, onların bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən 22 nəfəri ilk dəfə olaraq müstəqil rayon, şəhər və ərazi hərbi prokuroru vəzifələrinə təyin ediliblər.

Bildirilib ki, son dövrlər Azərbaycan gənclərinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirməsi, könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində aparılan islahatların prokurorluqda da davamlılığının təmin olunması məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 6 fevral 2019-cu il tarixdə təsdiq edilmiş "Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında" təlimata əsasən hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclər institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili üçün prokurorluq orqanlarının fəaliyyətinə ictimai köməkçi qismində könüllü olaraq cəlb ediliblər.

Təlimata müvafiq olaraq ötən dövr ərzində hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində bakalavriatın ikinci kursunu bitirmiş və magistratura səviyyəsində təhsil alan 187 gənc müvafiq qaydada ərizə ilə Baş Prokurorluğa müraciət edərək ictimai köməkçi olmaq istəyini bildirib və onlardan 162 nəfəri Baş Prokurorluğun ayrı-ayrı idarələrində, Respublika Hərbi Prokurorluğunda, Bakı şəhər, digər şəhər və rayon prokurorluqlarında fəaliyyətə buraxılıblar.

Tədbirdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyev, "ASAN Könüllüləri" ictimai birliyinin sədri Səbinə Cabarova, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev çıxış edərək ölkəmizdə dövlət gənclər siyasətinə uyğun olaraq həyata keçirilən köklü islahatlar, könüllülər üçün yaradılan geniş imkanlar, könüllülük hərəkatının daha da inkişaf etdirilmsi məqsədilə görülən işlər barədə ətraflı məlumat vermiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Çıxış edən könüllülər - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistr pilləsinin II kurs tələbəsi Erkin Musayev, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakultəsinin IV kurs tələbəsi Aygün Hacıyeva və digər gənclər tədris müddətində bir çox biliklərə yiyələndiklərini, təhsil aldıqları müəssisələrdə hüquq sahəsi üzrə öyrəndikləri nəzəri biliklərin praktiki işdə həyata keçirmək şansı əldə etdiklərini və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.

Görüşə yekun vuran Baş prokurorun müavini gənclərə zəruri təcrübə toplamaları, milli və vətənpərvərlik ruhunda tərbiyə almaları, xalqa və dövlətə bağlılığı, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlət idarəçiliyində şəffaflığın və vətəndaş məmnunluğunun artırılmasında, ictimai nəzarətin həyata keçirilməsində yaxından iştirak etmələri barədə tövsiyələr verib, onları gənclər günü münasibətilə bir daha təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Milli.Az