Rasim Musabəyov: "Ermənistan hakimiyyətinin irihəcmli borclanmaya ümid etməsinə dəyməz"
26 Noyabr 2011 15:14
""Moody's Investors Service" Beynəlxalq Reytinq Agentliyinin Ermənistana dair proqnozlarını "sabit"dən "mənfi"yə endirməsi o deməkdir ki, bu ölkənin nə hakimiyyətinin, nə də banklarının beynəlxalq maliyyə bazarlarında irihəcmli borclanmaya ümid etmələrinə dəyməz. Köhnə borcların ödəmə müddəti başa çatmaq üzrə olsa da, Ermənistanın ödəməyə heç nəyi yoxdur. Nəticə etibarı ilə Ermənistan hakimiyyəti onsuz da son dərəcə aşağı olan sosial ödəmələri azaltmalı və kasıb erməni büdcəsindən borcların ödənməsi üçün pul kəsməli olacaq".
Milli.Az xəbər portalının YAP-ın internet saytına istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, işğalçı dövlətin hazırkı hökumətin seçkiqabağı oliqarxları sıxacağı və onların gəlirlərinə qəsd edəcəyi inandırıcı deyil. Onun fikrincə, belə bir vəziyyətdə Serj Sarkisyanın bir çıxış yolu qalır: millətçi kartı oynamaq və hərbi isterikanı qızışdırmaq.
"Çox güman ki, onun komandası bu şüara üstünlük verəcək. Hər şeyin inandırıcı görünməsi üçün hərbi-kriminal erməni elitası istənilən təxribata gedə bilər. Düşünülməmiş, irrasional siyasətin fəsadları özünü daha çox iqtisadiyyatda və maliyyə işlərində büruzə verir. Siyasi oyunlar iqtisadiyyata arxalanır, iqtisadiyyat isə onun imperativlərini rədd edərək öz qisasını almaqdan çəkinmir.
Kim öz qonşuları ilə sülh və əməkdaşlıq içində yaşamaq əvəzinə, "tarixi ədavət və qisas" toxumu səpir, maliyyə və demoqrafik baxımdan, eləcə də hüquqi cəhətdən əsası olmayan iddialarla çıxış edir? Belə düşünülməmiş siyasətin fəsadları ilə diaspor yox, Ermənistanın sadə sakinləri üzləşməli olurlar. Məhz onlar sağlam söz və fikir deməyə qabil olan bir-iki erməni siyasətçilərinin və ziyalılarının dediklərinə qulaq asmalıdırlar", - politoloq qeyd edib.
Milli.Az