Azərbaycanda könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək böyük bir hərəkata çevrilib

3 Fevral 2020 17:39

Azərbaycanda könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək böyük bir hərəkata çevrilib, bu hərəkat cəmiyyətimizin bütün təbəqələrini əhatə edib.

Milli.Az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib.

Könüllülüyün gənclərimizin həyat tərzinə çevrildiyini deyən S.Məmmədova qeyd edib ki, bu fəaliyyətin təşviqi məqsədilə Prezident İlham Əliyev Azərbaycanda 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında sərəncam imzalayıb:

"2019-cu ilin aprel ayından ETSN-də də könüllü fəaliyyətinə start verilib, ekokönüllü komandası formalaşıb. Bu il könüllülərin fəaliyyətini daha da təkmilləşdirmək, maraq dairələrini genişləndirmək, onların kreativlik, təşəbbüskarlıq, innovativ düşüncə tərzi və müasir dünyagörüşlərindən yararlanaraq ekoloji sahədəki potensiallarından istifadə etmək üçün ETSN tərəfindən müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Daha çox gəncləri könüllülər proqramına cəlb etmək, könüllü kursları və təlimlərini davam etdirmək, yeniliklər etmək qarşıya məqsəd kimi qoyulub".

S.Məmmədovanın sözlərinə əsasən, ölkədə ətraf mühit sahəsində fəaliyyət göstərən müxtəlif QHT-lərin, ictimai birliklərin könüllülərinin bir çətir altında birləşdirilməsi planlaşdırılır.

Nazirlik rəsmisi hesab edir ki, bu sahədə illərlə təcrübə qazanmış təşkilatların imkanlarından birgə istifadə etmək könüllülərin daha çox praktiki biliklər əldə etməsinə, yeni təcrübələr qazanmasına şərait yaradacaq:

"Struktur yeniliklərindən əlavə, könüllüllər üçün tərəfimizdən illik tədbirlər planı tərtib edilib. Tədbirlər Planına əsasən könüllüləri qarşıda müxtəlif təlimlər, startaplar, müsabiqələr, bilik yarışları, eko-turlar, ölkədə keçiriləcək yerli və beynəlxalq tədbirlərdə iştirak və digər maraqlı məşğuliyyətlər gözləyir. Bununla yanaşı, digər qurumların könüllülərini də cəlb etməklə il boyu fərqli layihələr və müxtəlif tədbirlər keçiriləcək".

Milli.Az