"Həmd göyləri və yeri (ilk dəfə, öncədən nümunə olmadan yoxdan) yaradan, ikiqanadlı, üçqanadlı, dördqanadlı mələkləri (yaradılış aləminin idarə olunması və vəzifələrin yerinə yetirilməsi aləmində vəhy və ilham işini icra etmələri üçün) elçilər edən tək olan Allaha məxsusdur. O, yaradılışda istədiyini artırar və varlıq aləmində yayar, çünki Allah hər şeyə qadirdir". ("Furqan" 1).
Allah Təala bu mübarək ayədə mələklərin növlərinə işarə etmiş və onu tilavət edənə fatir sözünü təlqin etmək istəmişdir. Yəni, Allah yeri və göyü heç nədən yaratmışdır, sanki yoxluğu yarmış və Öz qüdrəti sayəsində çox sayda məxluq xəlq etmişdir.
Uca Allah sonrakı ayədə buyurur: "Allahın insanlar üçün açdığı hər hansı bir rəhmətin (mənəvi və maddi rəhmətlərin) qarşısını alacaq heç bir kəs ola bilməz, qarşısını aldığı bir şeyi isə Ondan sonra bir açacaq kəs ola bilməz. Yenilməz qüvvət və hikmət sahibi olan Odur". ("Furqan" 2).
Allah Təala buyurur ki, mələkləri xəlq etmiş və onlara müxtəlif sayda qanadlar vermişdir. Bəzisinə 2, bəzisinə 3, bəzisinə 4 qanad vermişdir. Qanadlar yuxarı qalxmaq və yerə enmək üçündür. Mələklər bu qanadları sayəsində hər yerə uça bilirlər. Çünki Allah yenilməz və qüdrət sahibidir. Kimə nə verəcəyini və necə xəlq edəcəyini çox yaxşı bilir.
"Məcməul-bəyan"ın müəllifi yazır: "Həzrət Peyğəmbər (s) meracda Cəbrayili 600 qanadla müşahidə etmişdir".
İmam Sadiq (ə) buyurur: "Allah mələkləri başqa cür yaratmışdır və Peyğəmbər (s) Cəbrayili o halda görmüşdü ki, 600 qanada malik idi".
Həzrət İmam Sadiq (ə) başqa yerdə buyurur: "Peyğəmbər (s) Allahın böyük nişanələrini müşahidə etmişdir və Peyğəmbər (s) Cəbrayili o halda müşahidə etmişdir ki, 600 qanada malik olmuşdur ki, yer ilə göyün arasını doldurur".
Başqa hədisdə oxuyuruq: "Cəbrayilin (ə) 600 qanadı vardır və onları ancaq Qədr gecəsində açır".
Milli.Az