Xalq artisti: "Elxan Qurbanov əsl aktyor kimi öldü"
25 Noyabr 2011 15:54
Milli.Az xəbər portalının məlumatına görə, bunu Trend Life-a açıqlamasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru və rejissoru, xalq artisti Ağaxan Salmanlı bildirib: "Adəti üzrə tamaşaya və ya məşqə 2-3 saat qalmış teatra gəldi, qrimləndi, lakin gözlənilmədən ürəktutmasından dünyasını dəyişdi. O, əsl aktyor kimi öldü".
A.Salmanlı mərhumu səmimi, sakit və rəhmli şəxs kimi xatırlayır: "O, yalnız özünəməxsus xarizmaya malik aktyor idi. Peşəsinə fanatikcəsinə yanaşırdı və ona çox bağlı idi. Dünən "Romeo və Culyetta" tamaşası qoyulmalı, Elxan Qurbanov orada Piter rolunu oynamalı idi. Təxirə salmalı olduq... Allah rəhmət eləsin".
E.Qurbanov 1952-ci ildə Bakıda doğulmuşdu. O, bir neçə film, serial və reklamda çəkilmişdi. Onların arasında "Bir anın həqiqəti", "Biz qayıdacağıq", "Günaydın, mələyim", "Küçələrə su səpmişəm", " Prokuror" və digər filmlər var.
Milli.Az