Əsrarəngiz təbiət mənzərəsi - VİDEO - FOTO

29 Yanvar 2020 08:27

Qusar rayonunun Ləzə kəndinin dörd bir tərəfindəki şəlalələr donaraq əsrarəngiz təbiət mənzərəsi yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın şəlalələr diyarı adlandırılan Ləzədə 10-dan çox dağ şəlaləsi var. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir.

Yaşayış məntəqəsində qarlı-şaxtalı havalar 7 ay davam edir. Temperatur mənfi 30 dərəcəyədək enir. Qış fəslində buradakı donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar da keçirilir.

Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kəndə yerli və əcnəbi tursitlərin marağı böyükdür.

Ləzənin bir-birindən gözəl şəlalələri, təmiz havası ölkəmizdən kənarda da məşhurdur. 200 nəfərə yaxın əhalisi olan Ləzə kəndində 30-a yaxın ev var.

Milli.Az