Milli QHT forumundan türkiyəli köşə yazarına sərt etiraz!

16 Aprel 2010 19:39
Bəyanatda Mehmet Ali Birandın 15 aprel 2010-cu il məqaləsi "Türkiyə çırpınır, Azərilərin isə heç vecinə də deyil" başlıqlı məqaləsinə  etiraz bildirilir.

Sənəddə deyilir: "Müstəqillik qazandıqdan sonra yeni mərhələyə adlayan Azərbaycan-Türkiyə münasibətləri illər keçdikcə daha da güclənir, hər iki dövlətin həm siyasi, hm ictimai, həm də iqtisadi yaxınlaşması üçün ciddi addımlar atılır. Böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarının reallıqda təcəssümünü görmək üçün son illərin xronologiyasına diqqət kəsilmək yetərlidir. Lakin zaman-zaman bu birliyi pozmaq üçün müxtəlif təxribat xarakterli addımlar da atıldığının şahidi olmuşuq. Xarici qüvvələr tərəfindən körüklənən bu prosesə bilərəkdən, yaxud bilməyərəkdən qoşulanlar da olur. Belə şəxslərdən biri Türkiyənin tanınmış qəzetlərindən olan "Hürriyyət" qəzetinin köşə yazarı Mehmet Ali Biranddır. Onun 15 aprel 2010-cu il tarixdə bu qəzetin səhifələrində çap etdirdiyi "Türkiyə çırpınır, Azərilərin isə heç vecinə də deyil" başlıqlı məqaləsi Azərbaycanda böyük narazılıq doğurub".

Bəyanatda bildirilir ki, məqalədə reallıqlar təhrif edilib: "Azərbaycan ictimaiyyəti, siyasiləri Türkiyənin baş naziri cənab Rəcəb Teyyub Ərdoğanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşması zamanı Qarabağ problemini əsas fakt kimi götürməsi düzgün siyasət sayır. Çünki Türkiyənin Azərbaycan, Azərbaycanın Türkiyə ilə bağlı məqamlarda güzəştə getməməsini hər iki ölkənin milli maraqları tələb edir. Türkiyə Qarabağ məsələsində də, "soyqırım" məsələsində də, sərhədlərlə bağlı məsələdə də güzəştə getsə Ermənistanın və onun havadarları olan ABŞ-ın, Avropa Birliyinin, Rusiyanın istəkləri bitməyəcək. Yeni-yeni tələblər ortaya çıxacaq. Bunu tarix dəfələrlə bizə sübut edib".

Azərbaycanın qeyri-hökumət təşkilatlarının təmsilçiləri Mehmet Əli Birandın məqaləsini pisləyirlər.

Milli.Az