Mixail Qusmanın Bakıda "Hakimiyyət formulu" və "Həyat formulu" kitablarının təqdimatı keçirilib - FOTO

25 Yanvar 2020 23:02

Yanvarın 25-də Bakı Kitab Mərkəzində məşhur jurnalist, tərcüməçi, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın "Həyat formulu. Atam və anam haqqında kitab"ının təqdimat mərasimi keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva tədbiri açaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan və il yarımdır fəaliyyət göstərən Bakı Kitab Mərkəzində 150-dən çox müxtəlif maarifləndirici tədbir, mədəniyyət, təhsil, sosial layihələr həyata keçirildiyini, Mixail Qusmanın "Həyat formulu. Atam və anam haqqında kitab"ının təqdimatının isə hamı üçün əlamətdar olduğunu bildirib. "Mən bu kitabı iki gün ərzində birnəfəsə oxudum. Çünki kitab çox maraqlıdır. Kitabda iki görkəmli şəxsiyyətin həyatı və fəaliyyəti təsvir edilib. Onlar şəhərimizin, ölkəmizin mədəniyyəti, elmi, təhsili üçün çox iş görüblər. Biz belə həmyerlilərimizlə həmişə qürur duyuruq. Biz onların bakılı olmasından qürur duyuruq. Kitab xatirələrlə, Bakının o illəri, insanları, beynəlmiləl şəhərin bənzərsiz mühiti haqqında maraqlı faktlarla zəngindir. Heç kəsə sirr deyil ki, Bakıda çoxlu sayda millətlərin nümayəndələri yaşayıb və yaşayır. Müasir dövrdə tez-tez eşitdiyimiz "mədəniyyətlərarası dialoq" ifadəsi Bakının həm ozamankı atmosferini, həm də bugünkü mühitini səciyyələndirir. Kitabın təqdimatı "Bakı-Moskva: mədəniyyətlərin dialoqu" konfransı çərçivəsində keçirilir. Rusiya ilə Azərbaycan arasında əlaqələr çoxəsrlik tarixə malikdir. Uzun illər ərzində bu əlaqələr möhkəmlənib, dərinləşib və keçirilən bütün tədbirlər bizim necə yaxın, ortaq cəhətlərimizin olduğunu göstərir. Bu kitabın özü elə həmin mədəniyyətlərarası dialoqdur", - deyə Günel Rzayeva bildirib.

Tədbirdə çıxış edən müəllif Mixail Qusman kitabın ərsəyə gəlməsi tarixçəsi haqqında danışıb. Xatırladıb ki, bir neçə il əvvəl Azərbaycandan olan dostları, həmkarları, AZƏRTAC-ın rəhbərliyi onun valideynləri haqqında xatirələri toplamağa başladı, valideynlərini tanıyan şagirdlərlə, onlarla bir yerdə işləyən insanlarla, tələbələrlə, hətta pasiyentlərlə görüşdülər. Valideynlərim haqqında onların danışmaq istədikləri adamlardan biri də mən idim. Mən AZƏRTAC-dan olan həmkarlarımla görüşür, saatlarla söhbət edirdik. Həm valideynlərim, həm Bakı haqqında danışdıqca xatirələr məni bu haqda yazmağa ruhlandırdı.

Mixail Qusman qeyd edib ki, valideynlərim milliyyətcə azərbaycanlı olmasalar da, hər ikisi Azərbaycan dilində danışır, atam bu dildə həm də yazırdı. Böyüyüb boya-başa çatdığım ailə özünü bu şəhərin bir parçası hiss edirdi.

Tədbirdə yazıçı İosif Şaqal, "Veçernyaya Moskva" qəzetinin baş redaktoru Aleksandr Kupriyanov, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, rəssam Vadim Hüseynov (təqdimatı keçirilən kitabın dizayneri), Rusiya Dövlət Humanitar Universitetinin prezidenti, Heydər Əliyev Mükafatı laureatı Yefim Pivovar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı, tanınmış heykəltəraş Fuad Salayev, rusiyalı şair Aleksandr Qorodnitski təqdimatı keçirilən kitab haqqında fikirlərini bölüşdülər.

Qeyd olunub ki, oxucu elə ilk səhifələrdən bu kitabın qəhrəmanlarının təkcə övladları Mixail Qusmana və Yuli Qusmana deyil, həm də bu əsər sayəsində çoxlarına miras qoyduqları həyat formulunu duyur.

"Bu kitab onlar haqqında və onların dövrü haqqında, onların yaşadıqları həmin parlaq, namuslu, qüsursuz həyat haqqındadır", - deyə müəllif "Ön söz"də yazır. Bəli, Solomon Qusman və Lola Barsuk öz həyat formulunu yaradıblar: sadəlik, təvazökarlıq, vicdanlılıq, borc hissi və məsuliyyət üstəgəl bir-birinə, övladlarına, doğmalarına və yaxınlarına, insanlara böyük məhəbbət.

Bu kitab keçən əsrin 40-70-ci illər Bakısının özünəməxsus tarixidir. Bu tarixi indi o qədər də çox insan xatırlamır, lakin onun ruhu Bakının dar küçələrində və həyətlərində yaşayır. O səs-küylü, bir-birinin köməyinə yetişməyə hər zaman hazır olan xeyirxah qonşuların olduğu həyətlərdə yaşayır.

Rusiyanın "Terra" nəşriyyatı tərəfindən çapdan buraxılmış kitabda Mixail Qusmanın valideynləri, nəsli, doğma Bakıda keçirdiyi həyat illəri, ailəsi, dostları haqqında yazdığı şirin xatirələr, həmçinin Solomon Moiseyeviç və Lola Yuliyevnanın dostları və həmkarları, habelə mədəniyyət və elm xadimlərinin bu ailə haqqında düşüncələri yer alıb. Nəfis şəkildə tərtib olunmuş kitaba, həmçinin Mixail Qusmanın ailə arxivindən, TASS və AZƏRTAC-ın arxivlərindən çoxsaylı foto və sənədlər də daxil edilib.

Milli.Az