“Swiss Re” şirkəti ilə əməkdaşlıq Azərbaycanın sığorta bazarının inkişafına yardımçı olacaq - Ekspert

24 Yanvar 2020 18:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumu çərçivəsində Davosda "Swiss Re" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşündə sığorta sahəsində bir sıra önəmli mövzular müzakirə olundu.

Milli.Az bildirir ki, bunu Trend-ə politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, "Swiss Re" (Schweizerische Rückversicherungs-Gesellschaft AG) şirkəti təkrar sığorta sahəsində dünyanın ən aparıcı şirkətlərindən biridir və hazırda 30-dan çox ölkədə fəaliyyət göstərir.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən son illərdə islahatlar nəticəsində sığorta sahəsinin inkişafı və təkmilləşdirilməsi üçün münbit şərait yaranıb:

"Artıq dünyanın aparıcı sığorta və təkrar sığorta şirkətləri Azərbaycanın sığorta bazarında yer almağa can atırlar. "Swiss Re" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti Prezident İlham Əliyevlə görüşdə ölkəmizdə həyata keçirilən islahatlarda iştirak etməyə, Azərbaycanın sığorta bazarının daha da inkişafına töhfə verməyə hazır olduqlarını bildirib.

"Swiss Re" şirkəti əsasən fövqəladə hallarda yaranan sığorta hadisələri və onların təkrar sığortası üzrə dünyanın ixtisaslaşmış lider şirkətlərindən biri kimi tanınır. Sözügedən görüşdə daşınmaz əmlak sahəsində sığorta sisteminin səmərəli təşkilinin və inkişafının vacibliyi də xüsusi qeyd olunmuşdur. Düşünürəm ki, daşınmaz əmlakın sığortası sahəsində böyük təcrübəsi olan "Swiss Re" şirkəti ilə əməkdaşlıq Azərbaycanın sığorta bazarının inkişafına yardımçı olacaq".

Politoloq, həmçinin bildirib ki, Prezident İlham Əliyevin Davosda Rusiyanın "LUKOİL" şirkətinin prezidenti Vahid Ələkbərovla keçirilən görüşündə Azərbaycanın "Naxçıvan" və "Qoşadaş" yataqlarının "LUKOİL" şirkəti ilə birgə işlənməsi məsələsi müzakirə olundu:

"Eyni zamanda, qeyd olunan yataqların Rusiyanın "LUKOİL" şirkəti ilə birgə işlənməsi barədə qərar qəbul olunub. Rusiyanın "LUKOİL" şirkətinin neft yataqlarının kəşfiyyatı və işlənməsi sahəsində böyük təcrübəsi var. Bu yataqların işlənməsi sayəsində hər iki dövlətin enerji sahəsində münasibətləri daha da inkişaf edəcək, əldə olunan gəlir isə Azərbaycanın və Rusiyanın iqtisadiyyatına müsbət təsir edəcək. Düşünürəm ki, SOCAR-"LUKOİL" əməkdaşlığının böyük perspektivləri var".

Milli.Az