Bu ölkədə koronavirus təhlükəsi ehtimal olunur

24 Yanvar 2020 23:45

Dünyanı təşvişə salan yeni (2019-nCoV) koronavirus riski İtaliyada da ehtimal olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xəstəliyin əlamətləri ölkənin cənubunda bir qadında qeydə alınıb. Apuliya şəhər xəstəxanasının açıqlamasında bildirilir ki, bir neçə gün əvvəl Çindən qayıtmış qadın həmçinin xəstəliyin başladığı və sürətlə yayıldığı Uxan şəhərində də olub. Qızdırma, titrətmə kimi əlamətlərlə xəstəxanaya yerləşdirilən qadın dərhal karantinə alınıb, ondan lazımi analizlər götürülüb. Analizlər yoxlanılması üçün Romaya göndərilib.

Eyni zamanda Dünya Səhiyyə Təşkilatı koronavirus üçün beynəlxalq təhlükə təbili çalmayıb, çünki xəstəliyin Çindən kənarda kütləvi şəkildə qeydə alınması faktı yoxdur. İtaliyadakı qadındakı xəstəlik koronavirus olduğu təqdirdə vəziyyət dəyişə bilər. Eyni zamanda Vyetnam, Sinqapur, Yaponiya, Koreya və ABŞ-da virusun daşıyıcıları aşkarlanaraq ciddi müalicəyə alınıb.

Koronavirus hazırda ən təhlükəli viruslardan sayılmaqla ölümlə nəticələnən ağır qrip xəstəliyi yaradır. Çində bu günədək 881 yoluxma, 26 ölüm faktı qeydə alınıb. Virusun mənbəyi olan Uxan və ona bitişik daha iki şəhər isə giriş və çıxışa bağlanılıb, 20 milyon nəfər ciddi nəzarətə götürülüb.

Milli.Az