Çində konsert verən italiyalı müğənni ölümcül virusa yoluxdu

24 Yanvar 2020 17:24

İtaliyanın Bari şəhərində qadın koronavirusa yoluxma ehtimalı ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən qadın Çinin Uxan şəhərinə qastrola gedən müğənnidir.

Qeyd edək ki, dəhşətli epidemiya da məhz həmin şəhərdə başlayıb.

Qadında qızdırma və öskürək müşahidə olunub. Müğənninin adı açıqlanmır.

Hazırda o, mütəxəssislərin nəzarəti altında tibbi təcridxanadadır. Qadının analizlərini Romada "Lazzaro Spallanzani" İnfeksion Xəstəlikləri Milli İnstitutuna yollayıblar.

Xatırladaq ki, sözügedən epidemiya sürətlə yayılır. Yanvarın 24-nə olan məlumata görə, Çində təhlükəli xəstəliyə yoluxanların sayı kəskin artaraq 849 nəfərə çatıb (dünən rəsmi məlumatlarda 617 nəfər göstərilirdi). Onlarda 177-sinin vəziyyəti ağır qiymətləndirilir. Bundan başqa, ölümcül virusa yoluxan 26 nəfər həyatını itirib.

Eyni zamanda, Rusiyada, Yaponiyada, Cənubi Koreyada, Taylandda, ABŞ-da, Vyetnamda və Səudiyyə Ərəbistanında bir neçə hal qeydə alınıb.

Milli.Az