Azərbaycanda maaşların hansı sahədə artdığı AÇIQLANDI - SİYAHI

22 Yanvar 2020 17:32

Azərbaycanda 2019-cu ildə maaşlar 15%-dən çox artıb.

Milli.Az fed.az-a istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4% artaraq 623,1 manat təşkil edib. 2018-ci ildə orta aylıq əməkhaqqı 540,1 manat olmuşdu.

2019-cu ildə dövlət sektorunda orta aylıq əməkhaqqı 516,5 manat təşkil edib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 20% artım deməkdir.

Özəl sektorda isə ötən il orta maaş 759,7 manat olub. Bu 2018-ci illə müqayisədə 10,5% artıqdır. Xatırladaq ki, 2018-ci ildə özəl sektorda ümumi orta aylıq əməkhaqqı 687,7 manat, dövlət sektorunda isə 430,5 manat təşkil etmişdi.

2019-cu ildə əməkhaqqı neft-qaz sektorunda 3 059,7 manat, qeyri neft-qaz sektorunda 568 manat təşkil edib.

2018-ci ildə isə əməkhaqqı neft sektorunda 3 000,7 manat, qeyri-neft sektorunda 484 manat təşkil etmişdi.

Başqa sözlə, 2019-cu ildə neft-qaz sektorunda əməkhaqqı 2% artdığı halda, qeyri-neft sektorunda 17,4% artıb.

2019-cu ildə özəl sektorda çalışanlar arasında ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində olub - 3 941,1 manat.

Özəl sektorda ən az maaş alanlar isə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində olub - 250,4 manat.

Dövlət sektorunda ən yüksək orta aylıq maaş maliyyə və sığorta fəaliyyəti sahələrində olub  - 1 654,3 manat. Bu sektorda ən az maaş alanlar kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışanlarda olub -  302,4 manat.

Ümumilikdə, 2019-cu ildə: 

Təhsil sahəsində maaşlar 18,1% artaraq 429,7 manata,

Səhiyyə sahəsində 43% artaraq 343,1 manata,

Maliyyə və sığorta sahəsində maaşlar 12% artaraq 1624 manata,

Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində maaşlar 21,3% artaraq 473,7 manata,

Dövlət idarəetməsində isə maaşlar 29,2% artaraq 752,8 manata yüksəlib.

Milli.Az