20 Yanvar faciəsinə həsr olunmuş tamaşa nümayiş olunub - "Vicdanın hökmü" - FOTO

21 Yanvar 2020 17:59

Sumqayıt Dövlət Dram Teatrında 20 Yanvar faciəsinə həsr olunmuş "Vicdanın hökmü" tamaşası nümayiş olunub.

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi teatr-tamaşaçı münasibətlərinin  yeni mərhələsini formalaşdırmaq və tamaşaçıları sənət ocağına cəlb etmək üçün kreativ layihələr gerçəkləşdirir. Eyni zamanda xüsusi təqvim günlərində tematik tamaşaları təqdim edir.

20 Yanvar faciəsinin ildönümü  ərəfəsində teatr N saylı hərbi hissənin əsgərlərinə vətənpərvərlik mövzusunda tamaşa göstərildi. Tamaşa öncəsi teatrın direktoru Əməkdar artist Mübariz Həmidov  xalqın mücadilə  tarixində önəmli rol oynamış 20 yanvarın  siyasi, sosial-fəlsəfi əhəmiyyətindən danışdı, teatrın  repertuarında tarixi əsərlərə bundan sonra da geniş yer veriləcəyini söylədi. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, truppa müdiri  Zöhrəli Əliyev çıxış edərək səhnə əsərinin bədii məziyyətlərindən və tərbiyəvi rolundan söz açdı.   Görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Vicdanın hökmü" tamaşası hərbçilər tərəfindən böyük maraqla qarşılandı.

Qeyd edək ki, yurd sevgisi, dövlətçilik təfəkkürü, qəhrəmanlıq və tarixi-mədəni irsə sayğı aşılayan bu qəbildən əsərlər teatrın repertuarında əsas yer tutur.

Milli.Az