Day.Az Media Şirkəti ilin birincisi seçildi - FOTOSESSİYA
24 Noyabr 2011 15:33
Dünən Bakıda "The First - 2011" mükafatının təqdimat mərasimi keçirildi. Milli.Az xəbər portalının məlumatına görə, "Xəyal Production"un "Buta Palace"da təşkil etdiyi konsert proqramında Azərbaycanın və Türkiyənin çox məşhur simaları iştirak ediblər.
İlin ən yaxşılarını müəyyənləşdirmək üçün "The First" ("Birinci") mükafatının təltifetmə mərasiminin aparıcıları Xəyal Rza və Hüsniyyə Məhərrəmova ilk olaraq mükafatın qısa tarixçəsi haqqında tamaşaçıları məlumatlandırdılar. Daha sonra Türkiyə və Azərbaycan şirkətlərinə, sənətçilərinə mükafatlar təqdim olundu.
İlk "The First" mükafatı media şirkətləri arasında "Day.Az" Media Şirkətinə təqdim edildi. 2011-ci ildəki uğurlu fəaliyyətinə görə layiq görüldüyü "The First-2011" ("2011-ci ilin birincisi") mükafatı şirkətin direktor müavini Sevda Həmidovaya təqdim olundu.
Konsert zamanı Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, millət vəkili Qənirə Paşayeva, türkiyəli sənətçilərdən - məşhur şoumen Bəyaz (Beyazit Öztürk), populyar müğənni Soner Sarıkabadayı, türk xalq musiqisinin mahir ifaçısı Nursaç Doğanışık, türk sənət musiqisinin məşhur ifaçısı Mehmet Özkaya, məşhur aktyor Erkan Petekkaya ("Öyle bir geçer zaman ki" serialında Ali kaptan rolunun ifaçısı), məşhur aktrisa Serenay Sarıkaya ("Adanalı" serialında Sofiya, "Lale devri" serialında Yeşim rolunun ifaçısı), Türkiyənin məşhur modelyeri, "Best Model of the World" yarışmasının təşkilatçılarından olan Uğurkan Erez, Media TV-nin aparıcısı Şeyma Uyqun və başqa tanınmış simalar mükafatla təltif edildilər.
Konsertdə türkiyəli qonaqların səhnədəki çıxışları mərasimə rəng qatdı. Belə ki, məşhur aktyor Erkan Petekkaya səhnəyə dəvət olunanda aparıcı onu Azərbaycan mahnısı olan "Tut ağacı"nın ifaçısı kimi tamaşaçıların diqqətinə çatdırdı və aktyordan bu mahnını ifa etməsini istədi. Aktyor xəstə olması səbəbindən üzrxahlıq edib, mahnını oxumaqdan imtina etdi. Amma sürpriz hələ qarşıdadır...
Şoumen Beyazit Öztürk səhnəyə dəvət olunanda gözlənilmədən Azərbaycan mahnısı oxudu: "Tut ağacı boyunca..."
Bəyazın səhnə şousu alqışlarla qarşılandı. "The First" mükafatını və onun üçün hazırlanan xüsusi hədiyyəni qəbul edən məşhur şoumen Azərbaycana ilk dəfə gəldiyini söylədi. Mərasimdə iki dəfə mükafat alan Bəyaza ikinci dəfə səhnəyə çıxdıqda növbəti mükafatını Ali kaptan təqdim etdi. Bu dəfə məşhur aktyorlar "Tut ağacı"nı birlikdə ifa etdilər.
Müğənni Röya Ayxanın da çıxışı konsertin yaddaqalan məqamlarından idi. Şıltaq və səmimi çıxışı ilə tamaşaçılara xoş ovqat bəxş edən müğənni səhnədən türk müğənnisi Soner Sarıkabadayıya sevgisini də etiraf etdi: "Soner, səni çox sevirəm!"
Mükafatla təltif edilən sənətçi mahnı ifa etməyi də unutmadı.
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva təqdimata "Miss World" müsabiqəsində ona "Dünyanın ən gözəl paltarı" mükafatını qazandıran Erol Albayraq imzalı geyimlə qatılmışdı. Onun geyimini xüsusi qeyd edən aparıcı Xəyal Rza "Dünyanın ən gözəl paltarı Bakıdadır" ifadəsini işlətdi.
Xəyal Rza kikboksinq üzrə 14 qat dünya çempionu, əməkdar idman ustası Eduard Məmmədova "İlin idmançısı" nominasiyasında mükafatını təqdim etdi.
Konsertdə bəstəkar-müğənni Soner Sarıkabadayı, Azərbaycan əsilli müğənni Nursaç Doğanışık repertuarlarında yer alan mahnıları ifa etdilər. Nursaç Doğanışık bir neçə Azərbaycan mahnısı oxudu.
Qeyd edək ki, "The First-2011" mükafatına Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, millət vəkili Qənirə Paşayeva, İctimai Teleradio Şirkəti, Türkiyənin "Show TV" və "Kanal D" televiziyaları, "Bəyaz Şou" verilişi, APA İnformasiya Agentliyi, bəstəkar Gövhər Həsənzadə, modelyer Gülnarə Xəlilova, müğənni Röya və digər tanınmış şəxslər layiq görülüblər.
Fuad Mədətov
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

Foto: Milli.Az