İsveçrə şirkətləri bu sahədə Azərbaycana əhəmiyyətli töhfə verə bilər - Dövlət Katibliyi

17 Yanvar 2020 17:34

"İsveçrə şirkətləri Azərbaycanın beynəlxalq tranzit qovşağı qismində inkişafına əhəmiyyətli töhfə verə bilər".

Milli.Az xəbər verir ki, bunu Trend-ə İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyindən (SECO) bildiriblər.

Qeyd olunub ki, Azərbaycanla İsveçrə arasında ikitərəfli iqtisadi münasibətlər yüksək səviyyədədir, amma hələlik istifadə olunmayan potensial mövcuddur: "2019-cu ilin ilk 11 ayı ərzində ölkələrimiz arasında ticarətin həcmi 17 faiz artaraq 260 milyon frank (266 milyon dollardan çox) təşkil edib. Azərbaycandan həm idxal, həm ölkəyə ixrac müvafiq olaraq 14 və 23 faiz artıb. Mehriban münasibətlərimizin qurulduğu vacib dayaq uzunmüddətli texniki-iqtisadi əməkdaşlıqdır. Bu gün İsveçrənin Azərbaycana texniki dəstəyi makroiqtisadi islahatlara və maliyyə sektorunun inkişafına yönəlib".

Dövlət Katibliyindən bildiriblər ki, hazırda İsveçrənin Azərbaycana investisiyaları qeyri-neft sektorunda cəmləşib. Azərbaycan bazarında sement istehsalı sahəsində "Holcim", xüsusi kimyəvi məhsullar sahəsində SIKA kimi şirkətlər fəaliyyət göstərir. İsveçrə bundan sonra da Azərbaycanla yaxşı iqtisadi münasibətləri dəstəkləməyə hazırdır:

"Ona görə də əvvəllər olduğu kimi, 2020-ci ildə də yüksək səviyyədə görüşlər planlaşdırılıb. İsveçrə-Azərbaycan Birgə iqtisadi komissiyası kimi mövcud qurumların işi davam etdirilməlidir. İsveçrə özəl sektorda Azərbaycanla iqtisadi əlaqələrin möhkəmlənməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir".

Milli.Az