Metropolitenin alternativ enerji üçün dizel stansiyaları istismara hazırdır

17 Yanvar 2020 16:29

"Bakı metropoliteninin alternativ enerji üçün yaratdığı dizel stansiyaları istismara tam hazırdır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metrpoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq "Azərenerji" ASC-nin yarımstansiyalarında generatorlar quraşdırılıb: "10 yarımstansiyada 17 dizel generatoru quraşdırılıb. Generatorlar tam olaraq istifadəyə hazırdır, xəttə qoşulub. Əgər metro stansiyalarına verilən yüksək gərginlikli elektrik enerjisi hansısa halda dayandırılarsa, generatorlar dərhal işə düşəcək, qatar və sərnişinlər tam təhlükəsiz tuneldən çıxarılacaq".

B.Məmmədov bildirib ki, hazırda stansiyalarda dizayn işləri görülür. Yaxın vaxtlarda, daha doğrusu fevral ayında stansiyaların təqdimatı keçiriləcək.

Milli.Az